Britaniya kəşfiyyatı Rusiya hücumlarındakı ləngimələrin səbəbini açıqladı

      Britaniya kəşfiyyatı    Rusiya hücumlarındakı ləngimələrin səbəbini açıqladı
  26 Avqust 2022    Oxunub:824
Rusiya qoşunlarının Ukraynaya hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin zəif hərbi effektivliyi və Kiyevin şiddətli müqaviməti səbəbindən dayanıb. Rusiya rəsmilərinin “mülki itkilərdən yayınma” cəhdi ilə bağlı açıqlamaları isə reallığı əks etdirmir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının gündəlik hesabatında məlumat verilib.

Britaniya kəşfiyyatı: "Rus hərbi texnikaları nüvə reaktorunun 60 metrliyindədir" - FOTO
Hesabatda qeyd edilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 24-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşündə bəyan edib ki, rus qoşunları Ukraynada “mülki əhalinin tələfatının qarşısını almaq” üçün hər şeyi edir. "Xüsusi hərbi əməliyyatlar"ın tempinin yavaşıması da məhz bununla əlaqədardır.

Britaniya kəşfiyyatının məlumatlarına görə, bu, bilərəkdən dövriyyəyə buraxılan bir dezinformasiyadır. Şoyqunun göstərişi ilə Ukraynadakı rus qoşunları planlaşdırılan əməliyyat müddətlərini dəfələrlə pozub. Qeyd olunur ki, Rusiya komandanlığı kifayət qədər sürətlə irəli getmədiyi üçün azı 6 generalı işdən çıxarıb.

Şoyqunun çıxışı günü isə Rusiyanın qısa mənzilli SS-26 “İskəndər” ballistik raketi Çaplino şəhərində qatarı nişan alıb və nəticədə ən azı iki uşaq həlak olub.
Xatırladaq ki, avqustun 24-də rus qoşunları Dnepropetrovsk vilayətindəki Çaplino dəmir yolu vağzalına raket zərbəsi endirmişdilər.

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində raket zərbəsi nəticəsində 22 nəfərin öldüyünü, onlardan 5 -nin avtomobildə yandığını, həmçinin evdə olan 11 yaşlı bir uşağın da həlak olduğunu bəyan etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Britaniya-Kəşfiyyatı  



Xəbər lenti