Bal tutan barmağını yalar - Kəlbəcər balı brend olacaq - Müsahibə

  Bal tutan barmağını yalar - Kəlbəcər balı brend olacaq -     Müsahibə
  20 Sentyabr 2022    Oxunub:1351
Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini, arıçı-sahibkar Sabir Mustafayev builki qlobal istiləşmənin arıçılıq təsərrüfatlarına təsiri, eləcə də yerli balın xarici ölkələrə ixracı barədə AzVision.az -a müsahibə verib.
- Sabir müəllim, builki mövsüm necə keçdi?Məhsuldarlıq gözləntilərinizi doğrultdumu?

- Keçən il Kəlbəcərdən qayıdanda arıların bir hissəsini elə orada saxladım. Arılar soyuq iqlim şəraitində yaxşı qışlayır, bu da mövsüm zamanı yüksək keyfiyyətli məhsul əldə etməyə imkan yaradır. Bu il də arılarım Kəlbəcərdə qışladığından bal bol oldu. Hətta keçən ilkindən də çox! Hər arı ailəsindən bir süzümdə ortalama 25 kq bal götürdük. İkinci süzümdə havalar bir az quraq keçmişdi, amma yenə də məhsuldarlıq ürəkaçan oldu. Hər arı ailəsindən ortalama 6 kq-a yaxın bal süzdük. Ümumilikdə bu il Kəlbəcərdə hər arı ailəsindən ortalama 31 kq-dan çox bal süzmüşük.

- Məhsullarınızın hamısı satılıb, yoxsa bal yarmarkasında satış üçün də saxlamısınız?

- Bal yarmarkasında iştirak edəcəyik. Builki məhsulun yarısı satılıb, yarısı qalır. Yarmarkaya çıxarılacaq balın çəkisinə müəyyən məhdudiyyət qoyulub, 8 kq bal çıxaracağıq. Eyni zamanda, bu il xaricə ixrac da nəzərdə tutulub, artıq nümunələr göndərilib. Ərəb ölkələrindən tələbat çoxdur. Göndərdiyimiz nümunələr də bəyənilib. Danışıqlar gedir, nəticələr əldə olunanda ictimaiyyətə məlumat veriləcək.

- Hansı ərəb ölkəsi ilə danışıq aparılıb?

-Birləşmiş Ərəb Əmirliklərindən təklif gəlib. Lakin istədikəri balın miqdarı çoxdur. Buna görə də, Kəlbəcərdə olan digər arı təsərrüfatlarına müraciət etməyi düşünürük. İxracla bağlı digər mübahisəli məqam balın Azərbaycanla yanaşı, orada da yoxlanılmasıdır. Biz isə istəyirik ki, balın bütün nümunələri burada yoxlanılsın, sonra xaricə göndərilsin. Onlar laboratoriya mütəxəssislərini göndərib, Azərbaycanda da yoxlama apara bilərlər.

- Yalnız Kəlbəcər balı ixrac ediləcək?

- Kəlbəcər balı ilə yanaşı, Laçın balı da ixrac ediləcək. Demək olar ki, təbiəti eynidir. Balın tərkibində də elə böyük fərq olmur. Həmçinin, ərəblər Qarabağ balına da böyük maraq göstərirlər. Gələcəkdə Azərbaycanın digər bölgələrindən də bal ixrac edilə bilər. Məsələn, arıçılarımız arasından bu il az da olsa Yaponiyaya bal ixrac edənlər olub.

- Bəs Avropa ölkələrinə ixrac nəzərdə tutulub?

- Avropa ölkələrinə çıxış çətindir, biz də bunu istərdik, amma müəyyən çətinliklər var. Hazırda Avropaya və ya digər bazarlara ayaq açmaq üçün yetərincə balımız yoxdur. Çünki daxili təlabat da çoxdur.

Kənd Təsərrüfatı Nazirliyi təşəbbüs irəli sürüb ki, Qarabağ balı qablaşdırılıb, daxili bazarda satılsın . Bu barədə danışıqlar gedir. Həm də, əksər xarici bazarlarda balın qiyməti daxili bazarla müqayisədə çox ucuzdur. Məsələn, Avropa bazarında bal çox ucuz satılır.Buna görə də arıçılar ixraca o qədər də maraq göstərmirlər.

- Bəs ərəb ölkələrinə satılacaq balın qiyməti bəllidir?

- Qiymət məsələsinə gəlməmişik. Amma ilkin olaraq qeyd edilən məbləğ bizim üçün məqbuldur. Deyilən qiymət daxili bazarla müqayisədə çox yüksəkdir. Hələlik dəqiq rəqəm açıqlamaq istəmirəm. Yüksək qiymət təklifi arıçların marağına səbəb olub . Danışıqlar gedir.

- Qlobal qiymət artımı Kəlbəcər balının qiymətinə və ya satışına təsir edibmi?

- Kəlbəcərdə adi "dağ süzümü" balı 35-40 manata satırıq. Yaylaq balını isə kiloqramı 50 manatdan. Yetərincə təlabat var. Qiymətlər ötən il də belə idi.

- Sabir müəllim, iqlim dəyişkənlikləri necə, məhsul yığımına təsir etdimi?

- Qlobal istiləşmə arıçılığa həm müsbət, həm də mənfi təsir göstərdi. Bu il məhsul bol oldu. İsmayıllının Qaratikan meşəsində orta hesabla hər arı ailəsindən 20 kq bal süzdük. Ondan sonra arıları Kəlbəcərə köçürdük. Ümumilikdə, bu il 3 dəfə süzüm etmişik. Nəticələr əladır. Amma hər zaman belə olmaya bilər. Çünki avqust ayının 10-dan sonra Kəlbəcərdə yağış az oldu. Çaylarda sular azalır, bulaqlar quruyur. Bunlar arıçılığa ciddi təsir göstərəcək amillərdir. Ona görə də, Arıçılar Assosiasiyası həyacan təbili çalır. Quraqlığa davamlı bitkilər əkilməlidir . Bal arıları üçün bitkilər olan meşələr salınmalıdır. Qışda arı yatmalıdır, isti olduğu üçün yatmır, bala qoyur, itkilər çox olur. Keçən il Azərbaycanda Aran bölgəsində arı ölümü 30-40 faizə qalxmışdı.

İstiləşmə ilə əlaqədar bəzi ölkələrdə arıları soyuducu anbarlarda saxlayırlar. İranda arını qışlatmaq üçün soyuducu anbar tikirlər. Qış nə qədər soyuq olarsa, arı bir o qədər yaxşı işləyər.

- Arı ölmülərinin qarşısını almaq, məhsuldarlığı yüksək tempdə saxlamaq üçün Arıçılar Assosasiyası nələr etməyi planlaşdırır?

- Arı ölümlərinin qarşısını almaq üçün xəstə arılar təcrid olunmalıdır. Bəzi ciddi xəstəliklərin sıqnallarını almışıq . Avropa və Amerika çürüməsi, gənə xəstəliyi ciddi amildir. Buna qarşı kütləvi mübarizə olmalıdır. Assosasiyamız çərçivəsində konfranslarda maarifləndirmə mövzusunda çıxışlar edilir, xüsusi ünsiyyət qruplarında dərmanlarla bağlı məsləhətləşmələr aparılır, müvafiq tədbirlər görülür.

Hazırda başlıca problemimiz Azərbaycanda arı xəstəliklərini aşkar edən mütəxəssislərin, laboratoriyaların olmamasıdır. Arı xəstəliklərini aşkar etmək üçün analizləri Tükiyəyə göndəririk, bu da vaxt itgisidir, iş-işdən keçmiş olur.

Bi istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işləyirik. Onlar da mütəxəssislərin yetişdirilməsini təklif edir. Bu problemin öhdəsindən tək gələ bilmərik. Dövlət dəstəyi də vacibdir.

Problem təkcə laboratoriya çatışmazlığı deyil. Boz Qafqaz arısının nəslinin tükənməsi təhlükəsi var. Bunu da dövlət öz öhdəsinə götürməlidir. Bizdə damazlıq təsərrüfatar yaradılıb. Amma təcrid olunmuş bölgəmiz yoxdur. Boz Qafqaz arısını nəslini tükənməyə qoymamalıyıq.

- Hazırda ölkədə arıçılığa maraq necədir?

- Maraq artır. Lakin arıçıların bir çətinliyi də satışla bağlıdır. İldən-ilə problemlər artır. Arıçılar balını sata bilmirlər. Baxmayaraq ki, respublikada istehlakla istehsal arasında fərq azdır, balın satışı aşağıdır.
Azərbaycanda bala təlabat 6 min tona qədərdir. İstehsal da elə 6-7 min ton ətrafındadır.

Balın satılmamasının əsas səbəbi xaricdən idxaldır. İdxal olunan balın keyfiyyəti yerli məhsulla müqayisədə çox aşağıdır. Gətirilən ballar yalnız bir bitkidən yığılıb. Eyni zamanda istehlak müddəti keçmiş, saxta ballar da üstünlük təşkil edir. Bunlar arıçılığa mane olan amillərdir.

Prezidet İlham Əliyevin 2016-ci ildən hər arı ailəsinə 10 manat subsudiya verilməsi haqqında sərəncamından sonra Azərbaycanda arı ailələrinin sayı iki dəfəyə qədər artıb. Qarabağ bölgəsi işğaldan azad olunandan sonra arı ailələrinin sayında daha da çox artım oldu, əhalidə maraq çoxaldı. Bunu öz ətrafımda da görürəm , 20-30 nəfər arı saxlayan var. Düzdür, subsudiyanın verilməsi üçün bu il sonuncu ildir, artıq kəsilir. Lakin inanıram ki, arıçılığa göstərilən dövlət dəstəyi insanların bu təsərrüfatla məşğul olması üçün stimul olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti