Paşinyanın çıxışı narazılıq yaratdı - "Ermənistanı satışa çıxarır"

     Paşinyanın çıxışı narazılıq yaratdı -    "Ermənistanı satışa çıxarır"
  23 Sentyabr 2022    Oxunub:1336
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış edib. AzVision.az xəbər verir ki, Ermənistan rəhbərinin beynəlxalq ali tribunadan səsləndirdiyi fikirlər ölkəsində birmənalı qarşılanmayıb.
Siyasətçilər, politoloqlar, ziyalılar yerli mediaya verdikləri açıqlamalarda İrəvan rəhbərini qorxaq bəyanatlar səsləndirməkdə və vacib məsələlərə toxunmamaqda günahlandırırlar.

Məsələn, beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan deyib ki, ölkə rəhbərinin çıxışı onu təəccübləndirmədi.

- Paşinyan BMT-dəki çıxışında üç mühüm faktı qeydə etdi. Birincisi, məlum oldu ki, hökumətin “Sülh dövrü” konsepsiyası ölü doğulub. İkincisi, hökumət Ermənistanın müdafiəsini təşkil etməsi iflasa uğradı. Üçüncüsü isə hökumət diplomatiya və bütün danışıqlar prosesini də iflasa uğradıb, - ekspert qeyd edib.

Hakimiyyətdən “hakimiyyət”ə çox fərq var
Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan Narek Samsonyan da belə bir liderlərinin olmasından təəssüf hissi keçirdiyini gizlətməyib.

- 2020-ci ilin sentyabrına qədər kapitulyator Ermənistan və Qarabağı pərdəarxası ticarət obyektinə çevirdi. Söz verdi, yalan danışdı, uğursuz oldu, daha pis nəticələrə səbəb olan müharibəyə səbəb oldu. Noyabrın 9-dan sonra kapitulyator artıq onun üçün mövcud olmayan Qarabağı satmağa başladı. O, Qarabağı satıb Ermənistanın sərhədlərini ticarət obyektinə çevirdi və sonra verdiyi sözləri yerinə yetirmədi. Bu dəfə isə o özüylə bir neçə yüz qurban və ərazi itkisi ilə yeni müharibə gətirdi. Artıq dünən təslim olan Ermənistan və Qarabağı BMT tribunasından, daha açıq şəkildə, daha həyasızcasına satışa çıxardı. Sabah çox güman ki, Ermənistanın sərhəd rayonlarını düşmənə verəcək və tezliklə dəqiq nə qədər qurbanın olduğunu öyrənəcəyik, - Samsonyan deyib.

Parlamentin "Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan isə açıqlamasında Paşinyanın xarici siyasətdə iflasa uğrayan siyasəti davam etdirdiyini deyib.

- Ermənistan Respublikasının hakim siyasi qüvvəsinin rəhbəri BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında çoxlu suallar arasında faktiki olaraq ölkənin suveren ərazisini müzakirə üçün irəli sürdü. O, Prezident İlham Əliyevə dedi ki, əgər ərazi iddiaları varsa, bunu xəritə ilə, tam siyahı ilə təqdim etsin. Bu çıxış göstərdi ki, Azərbaycan öz ərazi və digər tələblərini genişləndirib və problem dəhlizlə, anklavlarla məhdudlaşmır. Mən hələ Qarabağ məsələsindən danışmıram. Bu hakimiyyət özünün müharibə dövrü ilə ölkəni elə bir vəziyyətə gətirib ki, erməni xalqının sadəcə olaraq seçimi yoxdur. Ekzistensial mübarizə isə Ermənistanın həyatda qalmasına düzəlməz zərər vuracaq güzəştlərlə yeni dağıdıcı müharibə arasında gedir.

Parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryan mövzunu sadəcə bir cümlə ilə şərh edib. O qeyd edib ki, “Ayıb olsun... Paşinyan gedib ali tribunadan İlham Əliyevdən onun üçün Ermənistanın sərhədinin haradan başladığını, nə olduğunu soruşur".

Tural Tağıyev
AzVision.az




Teqlər:   Ermənistan   BMT   Paşinyan  





Xəbər lenti