Beyin Mərkəzləri və Elmi Təşkilatlar Arasında Koordinasiya

Beyin Mərkəzləri və Elmi Təşkilatlar Arasında Koordinasiya
  28 Sentyabr 2022    Oxunub:4091
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova Beyin Mərkəzlərinin I Forumunun “Qloballaşan dünyada milli kimliyin qorunması problemi” adlı panelində “Beyin Mərkəzləri və Elmi Təşkilatlar Arasında Koordinasiya” mövzusunda çıxış edib.
AzVision.az çıxışdan maraqlı hissəlləri təqdim edir:

- Məlumdur ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə həm siyasi, həm də iqtisadi, elmi-texniki və s. xarakterli amillər müstəsna rol oynayır. Bu isə, ilk növbədə, dövlətimizin milli maraqlarının ödənilməsində elmin inkişafını tələb edir. Elm və texnologiyanın inkişafının, ölkədə qabaqcıl innovasiya sisteminin nəzəri, metodoloji və tətbiqi elmi əsaslar üzərində formalaşdırılması Azərbaycan Respublikasının dövlət siyasətinin strateji məqsədlərindəndir. Qeyd edim ki, bütün bu məsələlərə dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamında yer ayrılıb.

Azərbaycanda elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, biliklər iqtisadiyyatının inkişaf etdirilməsi, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması müasir dövrün tələbinə çevrilib.
Müasir dövrdə bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da elm və innovasiya siyasətinin həyata keçirilməsinə dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da yaxın gələcəkdə Azərbaycanın sürətli inkişafını təmin edən prioritetlər sırasında elmtutumlu sahələrin və qeyri-neft sektorunun, insan kapitalının bütün vasitələrlə inkişaf etdirilməsi xüsusilə vurğulanır. Bu baxımdan dünya təcrübəsində mühüm rola malik olan araşdırma və beyin mərkəzləri institutlarının fəaliyyəti hər zaman diqqət mərkəzindədir.

Beyin mərkəzləri konkret dövlətin və ya dünyanın inkişafının həlledici (sosial-siyasi, iqtisadi, mədəni, humanitar və s.) məsələləri ilə bağlı problemlərin əsasən öncədən sezilməsinə və həllinə yönəlmiş tədqiqatlar aparan, bu tədqiqatlar əsasında qərar qəbul edən şəxslərə konkret tövsiyələr təklif edən, fəaliyyətinin əsas xüsusiyyətini yeni siyasətin formalaşdırılması üçün innovativ və kreativ təşəbbüslər təşkil edən dövlət və qeyri-dövlət yönlü təsisatlardır.

Xatırladım ki, 2007-ci ilin noyabr ayının 12-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ölkədə ilk rəsmi beyin mərkəzi olmaqla yanaşı, Azərbaycanın elmi potensial və nüfuzunun yüksəlməsinə xidmət edən yeni ənənənin başlanğıcı olmuşdur.

Mərkəz fəaliyyət göstərdiyi illər ərzində ölkənin sosial-siyasi və iqtisadi inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların aparılması, ali hakimiyyət orqanlarının proqnoz və təhlil xarakterli materiallarla təmin edilməsi kimi vəzifələri həyata keçirmişdir.
Hazırda ölkəmizdə “Türk-İslam” Araşdırma Mərkəzi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, “REGİON” Beynəlxalq Analitik Mərkəz (RBAM), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və digər analitik mərkəzlər fəaliyyət göstərir.

Müasir dövlət həm də elmi əsaslarla idarə edilən dövlət deməkdir. Həm beyin mərkəzləri, həm də elmi tədqiqatlarla məşğul olan qurumlar Azərbaycanın elmi potensialı və nüfuzunun yüksəlməsinə xidmət edir. Bu baxımdan vurğulamaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin ölkənin elmi-tədqiqat müəssisələri və təşkilatları ilə birgə fəaliyyət göstərməsi bütövlükdə elmin koordinasiyasının təkmilləşdirilməsi istiqamətində vacib məsələlərdəndir.
Azərbaycanda beyin mərkəzlərinin inkişafı, səmərəli əməkdaşlıq əlaqələrinin təşkili, ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi, rəqabətədavamlı mövqe tutmaq, analitikanın keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycanın elmi-intellektual potensialından, alim və mütəxəssislərin təcrübələrindən faydalanmaq olduqca vacibdir. Eyni zamanda, beyin mərkəzlərində prioritet istiqamətlərdə aparılan tədqiqatların reallaşdırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, innovativ biliklərin artırılması, beyin mərkəzləri nümayəndələrinin beynəlxalq aləmdə keçirilən elmi tədbirlərdə iştiraklarının maliyyələşdirilməsi son dərəcə aktual məsələlərdir.

Sözügedən qurumlar arasında səmərəli əməkdaşlıq əlaqələrini zəruri edən bir sıra amillər mövcuddur ki, bunlara ölkənin siyasi və iqtisadi inkişaf məsələlərinə dair ortaq mövqeyin bildirilməsi, bilik və peşəkarlığın sintezinin yeni modelinin formalaşdırılması, qlobal “beyin mərkəzləri” məkanına inteqrasiya, analitikanın keyfiyyətini yüksəltmək və s. daxildir.

Beyin mərkəzləri ilə elmi-tədqiqat institutları və laboratoriyalar arasında birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması dövlət səviyyəsində aktual problemlərin tez bir zamanda həll edilməsinə səbəb olacaq. Beyin mərkəzləri arasında elm adamlarının da iştirakı ilə ictimai müzakirələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək də bu yöndə vacib addımlardan hesab edilməlidir.

Bu gün analitik mərkəzlərin fəaliyyətində bir sıra problemlər vardır ki, buraya nəzəri-metodoloji bazanın zəifliyi, problemlərə səthi yanaşma, analitik strukturların kadr potensialının kifayət qədər peşəkar olmaması, elmi yeniliklərə müraciət edilməməsi, siyasi təhlil və politologiya sahəsində davamlı ənənə və elmi məktəblərin olmaması və s. aiddir. Ümid etmək olar ki, elmi-tədqiqat institutları ilə adekvat əməkdaşlıq və koordinasiya mühitinin yaradılması Azərbaycanda innovativ və kreativ beyin mərkəzlərinin formalaşmasına təkan verəcək, onların fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Həmçinin nəzərə alınmalıdır ki, əldə olunmuş elmi nailiyyətlərin tətbiqi, innovativ təklif və elmi ideyaların beyin mərkəzlərinin platforması əsasında reallaşdırılması müasir dövrün tələbidir.

Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamları da diqqətə çatdırmaq istərdim. Belə ki, Fond əsas etibarilə təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental layihələri və digər elmi tədbirləri maliyyələşdirməyi, alimlərin elmi fəaliyyətini stimullaşdırmağı və onlar üçün azad yaradıcılıq imkanları yaratmağı hədəfləyir. Bizim qurum da öz növbəsində beyin mərkəzləri ilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlar arasında münasibətlərin qurulmasında maraqlıdır və bu kimi əməkdaşlıqların inkişafında lazımi dəstəyi göstərməyi hər zaman hazırdır.

AzVision.az





Teqlər: Forum   Çıxış  





Xəbər lenti