"Nikol Arayiki 3 gün oteldə gözlədib sonra qəbul edib" - Erməni deputat

   "Nikol Arayiki 3 gün oteldə gözlədib sonra qəbul edib" -     Erməni deputat
  13 Oktyabr 2022    Oxunub:1596
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Aqnes Xamoyan maraqlı açıqlama ilə diqqət çəkib. AzVision.azxəbər verir ki, o, "Yerevan-Today"ə verdiyi müsahibədə iddia edib ki, artıq Qarabağ məsələsi, Xankəndidə oturan separatçıların rəhbəri baş nazir Nikol Paşinyan üçün heç bir məna daşımır.
Erməni deputat 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın Qarabağ problemini erməni xalqının xeyrinə həll edəcəyi vədini xatırladıb. Xamoyan Nikolun Xankəndidə oturanların Ermənistanla bərabərhüquqlu danışıqlar masasına qayıdacağı barədə söhbətləri də yada salıb.

- O, Xankəndi meydanında bəyan etdi ki, Qarabağ Ermənistandır və nöqtə. İndi baş nazir 180 dərəcə fərqli fikirlər səsləndirir. Ölkə rəhbəri cəmiyyətə, Qarabağdakı ermənilərə daha bir yeni məsələni bəyan edir ki, indi ortalıqda olan nə varsa, bununla kifayətlənin. Bundan sonra torpaqlarla bağlı heç bir gözləntiniz ola bilməz, - deputat qeyd edib.

"Arayikin meydandan uzaqlaşdırılmasına start verilib" - Hraparak
Xanım siyasətçi iqtidarı təmsil edən deputat Eduard Ağacanyanın Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün resurslara malik olmadığı barədə bəyanatına da reaksiya verib. Xamoyan deyib ki, "siz 2018-ci ildə hakimiyyətə gələndə Qarabağ probleminin olduğunu bilmirdinizmi? Məgər Qarabağ erməniləri, diaspor, Ermənistan xalqı qarşısında cavabdeh deyilsənmi? Amma indi elan edirlər ki, situsiya belədir, barışın, qane olun. Hazırda mən Qarabağ ermənilərinin yeni bəyanatlara cavab olaraq səsini qaldıracağını gözləyirəm”.

Aqnessa Xamoyan Nikol Paşinyanla Arayik Arutyunyan arasında keçirilən son görüşə də toxunub: “Yeri gəlmişkən, bu gün Nikol Paşinyan Qarabağdan qalan 25 faizlik ərazinin (Sülhməramlıların müvəqqəti nəzarət etdiyi bölgələri nəzərdə tutur-red.)"rəhbəri" Arayik Arutyunyanla görüşüb. Nikol Paşinyan Arayiki iki-üç gün oteldə gözlədib..."

Xatırladaq ki, bir neçə gün öncə "Hraparak" nəşri Nikol Paşinyanın Xankəndidəki qondarma hökuməti devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışdığını yazmışdı. İddia olunurdu ki, o, burada bir daha "prezident" seçməyin mümkün olmamasına, "dövlət strukturları"nın iflic vəziyyətinə düşməsinə və Xankəndinin başsız bədənə çevrilməsinə çalışır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Xankəndidə baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Qarabağ  



Xəbər lenti