Yeni təhdid: Nüvə təyyarələri Finlandiya və Norveç sərhədlərinə yerləşdirildi

   Yeni təhdid:   Nüvə təyyarələri Finlandiya və Norveç sərhədlərinə yerləşdirildi
  14 Oktyabr 2022    Oxunub:1984
Dünyada nüvə təhdidləri hər ötən gün daha da artır. Rusiya-Ukrayna müharibəsi başlayandan bu cür təhdidlər Moskvadan daha çox səslənir.
Son bir ayda isə məlum təhlükənin miqyası genişlənib. Artıq NATO və Qərb rəsmiləri Kremlin belə addım atacağı təqdirdə ağır nəticələrlə üzləşəcəyini bəyan edirlər.

"Nüvədən istifadə Rusiyaya görünməmiş nəticələr verəcək" - Reuters
Maraqlıdır ki, dünya mediası da prosesləri yaxından izləməklə yanaşı diqqət çəkən araşdırmalar dərc edir. Məsələn, məşhur "DailyMail" nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin Finlandiya və Norveç sərhədləri yaxınlığında yerləşən aviabazada saxladığı strateji nüvə bombardmançılarının sayını artırıb.

Müəllif qeyd edir ki, bu addım Putinin Avropaya atom hücumu təhdidi və son aylarda bir sıra utancverici uğursuzluqlarla üzləşən Kremlin Ukraynada davam edən işğalı ilə bağlı yüksək gərginlik fonunda atılıb.

"Rus tiranı Kola yarımadasındakı Olenya aviabazasında strateji bombardmançıların sayını tədricən artırdı. Avqustun 12-də onlar burada mövcud deyildisə, avqustun 21-də dörd səsdən sürətli Tu-160 gözə dəydi. İndi isə onların sayı 11-ə çatıb", - nəşr yazıb.

Qeyd edək ki, peykdən çəkilən fotoları və məlumatları Norveçin faktları yoxlayan müstəqil veb-saytı "Faktisk.no" yayıb.

Maraqlıdır ki, bu, TU-160 və TU-95-lərin ərzidə qanunsuz şəkildə yerləşdirilməsini İsrail kəşfiyyatına bağlı olan ImageSat International şirkəti də təsdiqləyib. Qeyd edilir ki, məlum "armagedon təyyarələri" adətən Moskvadan 450 mil cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşdirilir.

İndi isə bombardmançı təyyarələr NATO üzvü Norveçin sərhədindən təqribən 115 mil və tezliklə alyansa üzv olacaq Finlandiyadan təqribən 95 mil aralıda yerləşdirilib. Amma onlardan adi sursatlarla da silahlandırılıb istifadə edilə bilər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   Rusiya  



Xəbər lenti