![]() |
"Putin Ukrayna xalqı anlayışını silmək istəyir" - Müharibə Araşdırmaları İnstitutu |
Hesabatda qeyd edilir ki, Rusiya rəhbərliyi yaxın gələcəkdə Ukraynada zəif hazırlıqlı rus qoşunlarını birbaşa döyüşə atmaq üçün şərait yaradacaq. Həmçinin qeyd edilir ki, Putinin qələbə nəzəriyyəsi sərt qışdan istifadə edərək Avropanın iradəsini qırmaqdır.
Kreml rəhbəri 4-6 aylıq təlimdən sonra hərbi xidmətə çağırılan rus gənclərindən də istifadə etməyi planlaşdırır. Bu yolla o, yazın əvvəllərində rus qoşunlarının yeni hücum əməliyyatlarını bərpa etməsinə şərait yarada bilər.
İnstitutun analitikləri onu da vurğulayıblar ki, Rusiyadakı qismən səfərbərlik Putinin Ukrayna məsələsində dayanmağı planlaşdırmadığını və 2023-cü ildə də mübarizəni davam etdirəcəyini göstərir. O, heç özünün şərtləri ilə müharibənin bitəcəyi və ya atəşkəsin əldə olunacağına da ümid etmir.
ISW-nın gəldiyi qənaətə görə, Rusiya prezidenti builki fərqli qışın avropalılara təsirini müşahidə etmək imkanı əldə edəcək. Bundan sonra Kreml rəhbəri qəti qərar verə bilər ki, o, yazda çağırışçılarını Ukraynaya göndərsin, yoxsa başqa tədbirlərə əl atsın.
Xatırladaq ki, Vladimir Putin sentyabrın 21-də ehtiyatda olan hərbçilərin səfərbər olunduğunu elan etdi. Oktyabrın 28-də isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərliyin nəticələri barədə Kreml rəhbərinə hesabat verərək söylədi ki, qismən səfərbərlik işləri artıq başa çatıb. Səfərbərlik elan ediləndən sonra təxminən 1 ay ərzində 300 min nəfər Ukraynadakı döyüşlər üçün hərbi xidmətə çağırılıb. Bundan sonra yaxın gələcəkdə sülhün əldə olunacağına dair nəzəriyyələr də puç oldu.
Buna baxmayaraq, bu günlərdə mediaya açıqlama verən Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qeyd etdi ki, müharibə 2023-cü ilin yayına qədər bitməlidir. Ukrayna Silahlı Qüvvələri irəliləməklə 1991-ci ilin sərhədlərinə çatacaq. O, həmçinin yanvar ayına qədər ukraynalı hərbçilərin əhəmiyyətli irəliləyişlərlə yadda qalacağını da proqnozlaşdırdı.
Tural Tağıyev
AzVision.az