Müasir Azərbaycan Gəncliyi modelinin banisi

Müasir Azərbaycan Gəncliyi modelinin banisi
  10 May 2014    Oxunub:7666
Heydər Əliyev: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”
Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli vətənidir.

Bütün Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Öz parlaq nitqlərində, məzmunlu çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni - müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar edib. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, vətəninə bağlı olan, ömrünün 34 ilini milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli-mənlik və milli kimlik şüurumuzun inkişafına təkan verdi.

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur, Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir.

Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu fakt da Heydər Əliyevin gənclər siyasətinin unikallığının və uzaqgörənliyinin göstəricilərindəndir.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın qəbulu, 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri gəncliyini həyatında mühüm siyasi dönüş yaratdı O, dövlətin beynəlxalq arenada çəkisinin artmasında dərin elmi biliyə və müxtəlif ixtisaslara yiyələnmiş peşəkar kadrların vacib olduğunu daim diqqət mərkəzinə çatdırırdı.

1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv seçildi. Ulu öndər Heydər Əliyev yeni nəslin dövlətçiliyimizin milli-mənəvi dəyərlərinə layiq tərbiyələnməsi və təhsil alması üçün elmi və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Keçid dövrünün çətinlikləri ilə mübarizə şəraitində məhz gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası düşüncələrə hakim kəsildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi. Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub.

Bütün bu faktlar bizə deməyə əsas verir ki, Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur.

Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq".

3 oktyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak edib. İlham Əliyev dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib.

Prezident birinci forumdan keçən müddətdə gənclərlə iş sahəsində qanunvericilik bazası yaradıldığını, hüquqi-normativ aktlar təkmilləşdirildiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinə xüsusi diqqətlə yanaşır. Onun rəhbərliyi ilə Azərbaycanın gənc idmançıları bir sıra Olimpiya oyunlarında yüksək nəticələr göstərib.

Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə mükafatlandırılması onlara göstərilən qayğının bariz nümunəsidir. Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq Azərbaycanın Milli Olimpiya Komitəsinin fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib.
Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar.

Səbuhi Abbasov
YAP GB-nin üzvü,
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri



Teqlər:





Xəbər lenti