`Uorlik prinsipləri`nin arxasında nə dayanır? – TƏHLİL

`Uorlik prinsipləri`nin arxasında nə dayanır? – TƏHLİL
  12 May 2014    Oxunub:1451
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı təmsil etdiyi dövlətin mövqeyini açıqladı və altı prinsip irəli sürdü. Və bildirib ki, münaqişə tərəfləri arasında imzalanacaq sülh sazişi qeyd olunan prinsiplərə əsaslanmalıdır.

Həmin prinsiplər bunlardır:

1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə regionun hüquqi statusunu razılaşdırılmış, hüquqi cəhətdən icbari xarakter daşıyan və iradəyə əsaslanaraq müəyyən edilmiş şəkildə qəbul etməyə qərarlı olmalıdırlar.

2. Hazırda Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ əyalətinin sərhədləri daxilində olan əraziyə aralıq statusu verilməli və bu, ən azı özünüidarəetmə və təhlükəsizliyə zəmanət olmalıdır.

3. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qaytarılmalı və bu rayonlar üzərində Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Bu ərazilərdə Azərbaycanın suverenliyini pozacaq heç bir yaşayış məntəqəsi olmamalıdır.

4. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin saxlanılması vacibdir. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır lakin Laçın rayonunun tam ərazisini əhatə edə bilməz.

5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqın və məcburi köçkün şəxslərin əvvəlki yaşayış yerlərinə qayıtmasına təminat verməlidir.

6. Sülh razılaşması bütün tərəflərin etibar etdiyi sülhməramlı fəaliyyəti də nəzərə almaqla beynəlxalq təhlükəsizlik təminatını ehtiva etməlidir.

Burada sual yarada biləcək və mübahisələrə səbəb olacaq əsas məqam 1-ci prinsiplə bağlı ola bilər. Amerika Dağlıq Qarabağa aralıq status verməklə yanaşı, ərazinin status müəyyən olunana qədər yerli hakimiyyət tərəfindən idarə olunmasını təklif edir. Yerli hakimiyyətin hansı yolla formalaşacağı barədə Uorlik təklif verməsə də, daha məqbul variant əhali nisbətinə uyğun yerli parlamentin formalaşması və idarəetməni həyata keçirməsi ola bilər.

5-ci prinsipdə Uorlik bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılmasını şərt kimi irəli sürür. Güman ki, amerikalı həmsədr, “qaçqın” dedikdə Dağlıq Qarabağdan gedən azərbaycanlı əhalini nəzərdə tutur. Belə olan halda Dağlıq Qarabağda 70 faiz əhali ermənilərdən, 30 faiz isə azərbaycanlılardan ibarət olacaq. Məhz bu, nisbətdə aralıq statusu daşıyacaq Dağlıq Qarabağda hakimiyyətin formalaşdırılması mümkün ola bilər. Dağlıq Qarabağın statusunun isə qeyr-müəyyən vaxtdan sonra referendum yolu ilə həll edilməsi təklif olunur.

Azərbaycanın xarici işlər naziri Elmər Məmmədyarov Uorlikin açıqladığı prinsiplərin yenilik olmadığını, təkliflərin 2009-cu ildən hazırlanmış Madrid prinsiplərinə uyğun olduğunu bildirib və Ermənistan tərəfini məsələnin həllinə dəvət edib.

Ümumilikdə Amerikanın təklifləri Azərbaycanın maraqlarına uyğundur. Təkliflər işğal olunmuş yeddi rayonunun geri qayrtarılmasını nəzərdə tutur. Dağlıq Qarabağ gələcəkdə hansı statusda olursa-olsun, Azərbaycanın daxili ərazisi kimi qalmalıdır. Amerika nümayəndəsi dövlətlərin ərazi bütövlüyünün pozulmaması və millətlərin öz müqəddəratını həll etməsi barədə Helsinki yekun aktının bütövlükdə tətbiq olunmasını təklif edir.

ABŞ-ın Dağlıq Qarabağ problemini tezliklə həllinə can atması və Azərbaycanın maraqlarını gözləməsi Rusiya ilə yaranmış gərginliklə əlaqədardır. Əminliklə demək olar ki, Minsk Qrupunda Avropanın mövqeyindən çıxış edən Fransa da bu təklifləri dəstəkləyəcək. ABŞ və Avropa Rusiya qazına alternativ axtarışındadır və yeganə variant Azərbaycan vasitəsilə Xəzər hövzəsinin qazının qərbə ixracıdır. Bunun üçün birinci növbədə regionda təhlükəsizlik təmin edilməlidir ki, qaz təhlükəsiz şəraitdə ixrac olunsun. İkinci növbədə Azərbaycanın maraqları təmin olunmalıdır ki, Bakı layihənin icrasında maraqlı olsun.

Məsələdə Ermənistan tərəfinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Qərb istəyir ki, Ermənistanı Rusiyanın təsirindən çıxarsın və bununla da Moskvanın regionda təhlükəsizliyi pozmaq üçün vasitələri qalmasın. Bunun üçün təcili olaraq Ermənistanla Türkiyənin sərhədləri açılmalı qarşılıqlı ticarət başlamalı, daha sonra isə Yerevan regional layihələrə cəlb olunmalıdır. Bu isə Dağlıq Qarabağ problemi həll olunmamış baş tuta bilməyəcəyi üçün Amerika problemin həllinə başlamaq qərarına gəlib. Fransa prezidenti Fransua Ollandın regiona səfərinin əsas məqsədi də Yerevanı bu təkliflərə razı salmaqdır. Ollandın səfərinin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Lakin Ermənistan siyasi hakimiyyətinin Rusiyanın təsirində olduğunu nəzərə alsaq, Yerevanın Moskva ilə razılaşmadan qərar qəbul edəcəyini demək doğru olmaz. Buna görə Moskvanın mövqeyinin həlledici olacağını demək mümkündür. Rusiyanın hazırki təcrid olunmuş vəziyyətində iki çıxış yolu var və bu yolun hər ikisi Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə nəticələnəcək.

1) Ukrayna hadisələri Qərb dövlətləri üçün Rusiyaya qarşı iqtisadi sanksiyalar yeritməyə bəhanə oldu və Moskva hələ uzun müddət bu sanksiyalardan əziyyət çəkəcək. Putinin Ukrayna məsələsində geri addım atması artıq sanksiyaların təsirindən xəbər verir. Odur ki, Moskvanın bundan sonra xarici siyasətində əsas hədəfi sanksiyaların ləğv olunması olacaq ki, ABŞ bu zaman Kremldən Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət yanaşmanı tələb edəcək.

2) Rusiya Qərbə meydan oxumaqda davam etməyi qərara alarsa, Azərbaycanla razılığa gəlməli olacaq. Moskva Bakının qərblə əməkdaşlıqdan çəkindirməyi əvəzində isə Dağlıq Qarabağ məsələsinin həllini təklif edə bilər. Belə vəziyyət Avropanın hələ uzun müddət Rusiya qazından asılı saxlayacaq.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti