Final oyunu üçün sıfırdan tikilən şəhər: Qətərin DÇ-22-yə xərclədiyi milyardlar

   Final oyunu üçün sıfırdan tikilən şəhər: Qətərin DÇ-22-yə xərclədiyi milyardlar
  30 Noyabr 2022    Oxunub:2378
Bütün dünyanın diqqətinin yönəldiyi Qətər çempionatı bütün həyəcanı ilə davam edir. 2022-ci ilin Dünya Kuboku inşa edilən stadionlar və infrastruktur layihələri ilə tarixin ən bahalı turniri adını daşıyır. Bəs Qətər dünya çempionatına ev sahibliyi etmək üçün nə qədər pul xərcləyib?
Dünya çempionatının oyunları Qətərdə səkkiz stadionda keçirilir, onlardan 7-si sıfırdan tikilib, biri isə bərpa olunub. Qətər təkcə Dünya Kuboku üçün ən müasir stadionlar tikməyib, paytaxt Dohanı başdan ayağa yeniləməklə yanaşı, həm də yeni hava limanı, dəniz limanı, Dohanın şimalında yeni Lusail şəhəri, yeni metro xətləri, otellər kimi bir çox investisiyalara yatırımlar edib.

Qətərin əhalisi 3 milyona yaxındır. Əhalinin əksəriyyəti paytaxt Doha ətrafında yaşayır. Ona görə də matçların keçiriləcəyi bütün stadionlar Doha və onun ətrafında 50 kilometrlik xətt üzərində tikilib.

Qətər administrasiyasına verilən istinadlara görə, 220 milyard dollarlıq investisiyalar Dünya çempionatı olmasa belə ölkənin 2030-cu il vizyonu üçün istifadə olunacaqdı. Dünya Kuboku bunu sadəcə sürətləndirib. Bununla belə, Qətərin nəhəng investisiyalarının böyük hissəsinin kubok üçün qoyulduğunu söyləsək, səhv olmaz.

Buna mjisal olaraq Qətərin Dünya Kuboku üçün sıfırdan tikdiyi Lusail şəhərini göstərmək olar. Paytaxt Dohanın mərkəzindən təxminən 30 kilometr şimalda yerləşən şəhər 2010-cu ildə sadəcə səhra idi. 12 ildə salınan şəhərdə bu gün 200 min insan yaşayır. Paytaxt Dohaya yeni tikilmiş metro ilə bağlanan Lusailin öz tramvay xətti də var. Lusaildə dünya çempionatının finalının keçirilməsi üçün 88 ​​966 nəfər tutumlu stadion tikilib. 767 milyon dollara başa gələn stadionun tutumunun turnirdən sonra azaldılması planlaşdırılır.

Bundan əlavə dünya çempionatı üçün tikilən və dəyəri 847 milyon dollar olan Əl-Beyt stadionu Dohanın şimalındakı Əl-Khor şəhərində yerləşir. 700 milyon dollarlıq "Education City" Stadionu və 360 milyon dollarlıq Əhməd Ben Əli Stadionu Dohanın qərbində Əl-Rayyan rayonunda inşa edilib. 587 milyon dollara başa gələn Əl-Cənub stadionu Dohanın cənubundakı Əl Vakrah şəhərində tikildiyi halda, qalan 3 stadion Dohanın bələdiyyə sərhədləri daxilindədir. Dünya çempionatından çox əvvəl tikilmiş yeganə stadion olan Xəlifə Beynəlxalq Stadionunun bərpasına 280 milyon dollar xərclənib, Əl Tumama stadionu isə 342,5 milyon dollara başa gəlib. Dohadakı 974 Stadionunun qiyməti isə dəqiq məlum deyil. Təkrar emal edilmiş konteynerlərdən hazırlanmış stadion kubokdan sonra söküləcək.



Təbii ki, Qətərin sərmayələri təkcə stadionlarla məhdudlaşmır. Futbolsevərlərin stadionlar, otellər və hava limanı arasında rahat gedib-gəlməsini təmin etmək üçün metro xətti çəkilib. Hazırda 3 xətti istifadəyə verilən metro sistemi ümumilikdə 36 milyard dollara başa gəlib. Stadionlar arasında gediş-gəliş təmin edən elektrikli avtobuslar üçün böyük park da yaradaılıb. Bundan başqa, 15,5 milyard dollara başa gələn və 2014-cü ildə istifadəyə verilən Həməd Beynəlxalq Hava Limanı və 7,4 milyard dollara başa gələn yeni liman da ölkənin Dünya Kuboku investisiyaları sırasındadır.

Bunlara əlavə olaraq Dohanın yenidən təşkili üçün 4,5 milyard dollar, 130 min otaqlı otellərin tikintisi üçün isə milyardlarla dollar xərclənib. Bəzi otellərin yerləşdiyi “The Pearl-Qatar” adlı süni adanın tikintisi üçün Qətər hökuməti 15 milyard dollarından keçib.



Qətərdə keçirilən 2022-ci il Dünya çempionatı xərclərinə görə əvvəlki kubokları geridə qoyub. 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatına 11,8 milyard dollar xərcləndiyi halda, 2014-cü ildə Braziliya mundialına 15 milyard dollar sərf edilmişdi.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti