Xankəndidə gərginlik: Balasanyanı niyə "çolka"yla əvəzlədilər?

  Xankəndidə gərginlik:  Balasanyanı niyə  "çolka"yla əvəzlədilər?
  07 Yanvar 2023    Oxunub:2914
Xankəndidəki separatçı rejim əsas fiqurlardan birini cəzalandırıb. AzVision.azxəbər verir ki, separatçıların rəhbəri Arayik Arutyunyan dəhliz böhranı fonundan gözlənilməz tədbir görərək “məmur dəyişikliyi”nə əl atıb.
O, Qarabağ ermənilərinin yaxşı tanıdığı Vitali Balasanyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edib. Maraqlıdır ki, Balasanyanın yerinə Ararat Melkumyan adlı heç kimin tanımadığı bir erməni gətirilib. Melkumyan bu vəzifəyə təyin olunana qədər “milli təhlükəsizlik xidməti" direktorunun birinci müavini vəzifəsində çalışıb.

Ermənistanın məşhur "Hraparak" qəzeti isə yeni qalmaqallı siyasi proseslərlər bağlı maraqlı məqamlara toxunub. "Balasanyanın vəzifədən qovulması tələbləri Ruben Vardanyanın "dövlət naziri" təyin olunmasından sonra pik həddə çatdı. Çünki iki məmur arasında münasibətlər o qədər də hamar deyildi. Xankəndidəki mənbələrimiz bizə bildirirlər ki, bu münasibətlərə ictimai əhval-ruhiyyə də böyük təsir göstərib. Xüsusən də vətəndaş cəmiyyətinin nümayəndəsi olan Tiqran Petrosyanın tərəfdarları son aylarda Xankəndidə keçirdikləri "dəhliz aksiyalarında" Vitonun istefasını da bir nömrəli tələb kimi ortaya qoyublar", - qəzet yazıb.

Müəllif qeyd edir ki, Ermənistan hakimiyyətində olan "qarabağlılar" qrupu Vitali Balasanyanı azərbaycanlılarla “qara-qura” işlərlə məşğul olan məmur kimi təqdim edirlərmiş.

"Arayikin meydandan uzaqlaşdırılmasına start verilib" - Hraparak
"Çünki o, dəfələrlə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfinin nümayəndələri ilə görüşüb. Balasanyanın vəzifədən azad edilməsi artıq faktdır. Lakin diqqətəlayiq hal odur ki, onu Ruben Vardanyanın "adam"ı əvəz etmədi. Yeni təyin olunan şəxs Arayik Arutyunyanın yaxın dostudur", - məqalədə yazılıb. Müəllif yeni məmurun "çolka" ləqəbi ilə tanındığını da vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində də bu dəyişiklik daha çox Ruben Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasındakı gərginliyin məntiqi sonu kimi qiymətləndirilir. Buna misal olaraq Balasanyanın Vardanyanın ötən ay təşkil etdiyi Xankəndi mitinqinə qatılmaması göstərilir.

Tural Tağıyev

AzVision.az


Teqlər:   Xankəndi   Separatçı  





Xəbər lenti