Markedonov: "Rusiya-Ermənistan münasibətləri ciddi sınaqdan keçir"

      Markedonov:    "Rusiya-Ermənistan münasibətləri ciddi sınaqdan keçir"
  26 Yanvar 2023    Oxunub:725
Rusiya-Ermənistan münasibətləri ciddi sınaqdan keçir.
AzVision.az xəbər verir ki, bunu “Mejdunarodnaya analitika” jurnalının baş redaktoru, politoloq Sergey Markedonov deyib.

"Bu gün gördüklərimiz həm Qafqazda mövcud olan Rusiya, həm də Rusiya-Ermənistan münasibətləri üçün ciddi sınaqdır. Ötən il ərzində ikitərəfli münasibətlərə təsir edən xeyli sayda mühüm dəyişikliklər baş verdi. 2022-ci ilə qədər Qarabağ problemi Rusiya və Qərbin saatlarını sinxronlaşdırdığı postsovet məkanında unikal nöqtə idi”, - Markedonov qeyd edib.

Münaqişə NATO-nun genişlənməsi kontekstində nəzərdən keçirilməyib. Bundan əlavə, o, rus revizionizminin təzahürü kimi görünmürdü. Məhz buna görə də Qərblə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqə mümkün idi.

"Artıq bunun sonu gəldi, Minsk Qrupu 2022-ci ilin aprelindən xüsusi format kimi fəaliyyətini dayandırıb. İndi əlavə rəqabət xətləri yaranıb", - ekspert qeyd edib.

Onun sözlərinə görə, indi dolayı yolla Ermənistanı Rusiyaya qarşı qoymaq, sülhməramlı kontingentin əməyini gözdən salmağa cəhdlər olur. 2022-ci ildə isə status-kvonu dəyişdirmək üçün bir neçə cəhd də edilib.

O, Moskadan çox şey gözləyən erməni cəmiyyəti və siyasətçilərinə də söz atıb. Politoloq qeyd edib ki, Rusiya gözləntiləri doğrultmayanda başqa istiqamətə baxan ermənilər yanıldılar. Yəni konkret olaraq İrəvanın Fransa sevdası misal göstərilib: "Lakin Emmanuel Makronun 5 və ya 10 tviti vəziyyəti dəyişmir. Məsələn, Fransa hakimiyyət orqanları Qarabağa sülhməramlılar göndərməyə hazır olduqlarını bəyan etmədilər".

Markedonov xatırladıb ki, Ermənistanla Qərb arasında hansısa münasibətlər qurmaq cəhdləri 2022-ci ildə başlamayıb: “2001-ci ildə məşhur Ki-Uest konfransını xatırlaya bilərsiniz. Qərb özünü göstərməyə çalışdı və Ermənistan da müraciət etdi. Ona görə ki, ermənilərin ABŞ və Fransada böyük diasporları var. Amma indi bu kəmiyyət parametrləri müəyyən keyfiyyətə çevrilir”.

Ekspert həmçinin vurğulayıb ki, Rusiyanın Qafqazdan uzaqlaşdırılması mümkündür: "Amma mən düşünmürəm ki, bu ehtimal yüksək olsun. Bu gün mümkün deyil. Ancaq çalışmaq lazımdır ki, belə bir sualın qoyuluşu belə mümkünsüz görünsün".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti