Vəkillər Kollegiyası zəlzələdən zərərçəkənlərə 1 milyon lirə yardım edib

   Vəkillər Kollegiyası zəlzələdən zərərçəkənlərə 1 milyon lirə yardım edib
  08 Fevral 2023    Oxunub:657
Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon lirə məbləğində yardım ayırıb.
Bu barədə AzVision.az -a qurumdan məlumat verilib. Bildirilib ki, yardım barədə bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbədənkənar onlayn iclasında qərar verilib. VK-nın sədri Anar Bağırov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkən insanlar və Türkiyə Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım təşəbbüsü ilə çıxış edib.

Sədr baş vermiş fəlakətin və çox sayda insan itkisinin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib: "Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bu məsələdə də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilib və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başladıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir".

A.Bağırov yardım kampaniyası ilə bağlı vəkillər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu diqqətə çatdırıb: "Bu baxımdan hesab edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələyə biganə yanaşmamalı, türkiyəli qardaşlarımızın yanında olmalı və onlara hər cür dəstək göstərməliyik. Təklif edirəm ki, bu məqsədlə Vəkilliyin İnkişaf Fondundan həm zəlzələdən zərərçəkən Türkiyə xalqına, həm də bu ölkənin Vəkillər Kollegiyasına maddi dəstək göstərək. Çünki bu, hər bir Azərbaycan vəkilinin istəyidir. Ona görə də bu yardımda rolu olan, türkiyəli qardaşlarımıza dəstək ifadə edən hər bir vəkilimizə dərin təşəkkürümü bildirirəm".

Təklif Rəyasət Heyəti üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qərara alınıb ki, zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Vəkilliyin İnkişaf Fondundan 1 milyon lirə ayrılsın. Bu vəsaitin 500 min lirəsi Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD), 500 min lirəsi isə Türkiyə Vəkillər Kollegiyasının hesabına köçürüləcək.

Qeyd edək ki, vəmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti