İrəvan AES-in "ömrü"nü daha 10 il uzadır

//Rusiyanın təklifləri ilə razılaşmırlar

İrəvan   AES-in "ömrü"nü    daha 10 il uzadır
  09 Fevral 2023    Oxunub:1211
Ermənistan hökuməti Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istifadə müddətini daha10 il - 2026-cı ildən 2036-cı ilə qədər uzatmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, əvvəllər yerlərdə, icra qurumlarında müzakirə olunan məsələ artıq hökumətin qərar layihəsinə daxil edilib. Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən təklif olunan bu müddət hüquqi akt layihələrinin dərci üçün nəzərdə tutulan elektron platformaya da salınıb.

Sənədə əsasən, qərar qəbul edildikdən sonra hökumət lazımi işlərin görülməsi üçün maliyyə imkanlarını nəzərə alaraq xüsusi iş proqramı hazırlayacaq, maliyyə mənbələrini və konkret tədbirləri göstərəcək.

Metsamor AES-də milyon dollarlıq mənimsəmə -Eks-direktor həbs edilir
Ermənistan Atom Elektrik Stansiyasının direktorunun baş müşaviri Gera Sevikyan bu gün jurnalistlərə verdiyi açıqlamada hökumətin qərarını zəruri, lakin bir qədər gecikmiş addım adlandırıb.

"Vaxt çox azdır. Hər şey etməliyik ki, 2026-cı ilə qədər bir çox problemləri aradan qaldıraq. Çünki bundan sonra bizi daha böyük işlər gözləyir", - o deyib.

Yenidən təchizat üçün vəsaitin haradan əldə ediləcəyi barədə suala cavab verən Sevikyan qeyd edib ki, bu, İqtisadiyyat və Maliyyə nazirliklərində müzakirə olunur. Amma onun fikrincə, əsas maliyyə yenə də xarici kreditləşmə hesabına olacaq.

AES direktorunun müşaviri bildirib ki, bu dəfə Rusiya tərəfi də öz maliyyə və yardımını təklif edib. Amma Ermənistanda Rusiya tərəfinin təklif etdiyi qiymət və qrafiklə razılaşmırlar.

"Biz 2026-cı ilə qədər Atom Elektrik Stansiyamızı ən azı 10 il işləyə biləcək vəziyyətə gətirdiyimizi göstərən sənədlər hazırlamağa borcluyuq. Ruslar fərqli müddətlər təklif edirlər. Məsələn, bəzi işlərin müddətini 2-3 il göstərirlər. Bu isə bizim üçün qəbuledilməzdir. Onlar belə uzun müddət tələb etdikləri üçün, biz özümüz çalışmalıyıq ki, işlərimizi həll edə bilək”, - Sevikyan Moskvanın planında danışarkən deyib.

O, izah edib ki, mövcud sistem və avadanlıqların vəziyyətini, onların daha 10 il istismar oluna biləcəyini sübut etmək üçün AES-in enerji blokunda tədqiqat işlərinin aparılması zəruridir. Yalnız bundan sonra dəqiq nəyin dəyişdirilməsi lazım gəldiyi aydın olacaq. Sevikyanın sözlərinə görə, Rusiya tərəfi məhz bu işlərə görə belə uzun vaxt tələb edib.

Bundan başqa, erməni mütəxəssis etiraf edib ki, AES -in təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün əlavə işlər də görülməlidir. Ermənistanın enerji şəbəkəsinə qoşulmaq üçün yeni avadanlıq quraşdırılmalıdır, radioaktiv tullantıların saxlanması və idarə olunması da beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır. Bu isə uzunmüddətli və bahalı prosesdir.

Bir sözlə, AES-in istismar müddətinin 10 il uzadılması xərcləri, ilkin hesablamalara görə, 130-170 milyon dollara başa gələcək.

"Qiymət əsasən bu işləri kimin yerinə yetirməsindən asılıdır. Əgər bunu biz etsək, daha ucuz başa gələcək. Rusiya və ya digər xarici təşkilatı cəlb etməli olsaq, bu daha baha olacaq ", - AES rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən ilin iyun ayında AES-in mətbuat xidməti məlumat yaymışdı ki, Ermənistan və Rusiyadan olan mütəxəssislər ölkədə gələcəkdə yeni atom enerji blokunun layihəsini müzakirə etməyə başlayıblar. Bundan öncə isə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bəyan etmişdi ki, ölkəsi 2025-2026-cı illərdə yeni atom elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır .

Qeyd edək ki, Ermənistan AES-in ikinci enerji blokunun ekspluatasiyası 2016-cı ildə başa çatıb. Hələ 2012-ci ildə hökumət müddəti 10 il uzatmaq qərarına gəlmişdi. Bu məqsədlə AES-də "modernləşdirmə" və yenidən təchizat işləri aparıldı. İşlərin böyük hissəsi isə Rusiya Federasiyasından alınan kreditlər və qrantlar (təxminən 189 milyon dollar-red.) və dövlət büdcəsindən ayrılan 63,2 milyard dram (təxminən 160 milyon ABŞ dolları-red) hesabına həyata keçirilib. Enerji blokunun istismar müddəti 3 ildən sonra - 2026-cı ildə başa çatır. Ona görə də hökumət onun ömrünün ikinci dəfə uzadılmasına çalışır ki, yeni atom elektrik stansiyası tikilənə qədər blokdan yararlansın.

Ümumilikdə isə Ermənistan yeganə ölkədir ki, bu sahəyə məsuliyyətsiz yanaşır. Çünki dünyanın ən təhlükəli stansiyası olan "Metsamor" AES istismar müddətini bitirsə də onu "ayaqda saxlamağa" çalışırlar. AES-lə bağlı beynəlxalq təşkilatlarda belə həyəcan təbili çalınır, İrəvan isə təmir işlərini əsasən podratçı kimi Rusiyanın “Rusatom Service” şirkəti tərəfindən apararaq stansiyadan yararlanır. Hətta Ermənistan rəsmiləri Metsamor AES-i qeyri-peşəkarlar təmir etdiyini də etiraf ediblər. Hazırda Metsamor nəinki region, ümumilikdə Avropa üçün təhdidlər doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   AES   Ermənistan   Rusiya   Kredit  





Xəbər lenti