İran: "Azərbaycan səfirliyinə hücumun istintaqı gizli aparılır"

      İran:    "Azərbaycan səfirliyinə hücumun istintaqı gizli aparılır"
  14 Fevral 2023    Oxunub:2058
İranın Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi Azərbaycan səfirliyinə hücumla bağlı istintaqın ilkin mərhələdə gizli aparıldığını və hadisənin bütün aspektlərinin diqqətlə araşdırıldığını bildirib.
İran dövlət televiziyasının məlumatına görə, bu barədə M.Setayeşi paytaxt Tehranda mətbuat konfransı zamanı danışıb.

"Hücumla bağlı istintaq ilkin mərhələdədir və məxfiliyə tabedir. Məsələnin müxtəlif aspektləri diqqətlə araşdırılır"

İran sözçüsü bildirib ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq.

Digər tərəfdən, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İranın baş prokuroru Məhəmməd Cafer Müntəzeri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə telefonla danışıb.

Muntazeri azərbaycanlı həmkarına hücumun müxtəlif aspektlərinin ölkənin məhkəmə və hökmət orqanları tərəfindən diqqətlə araşdırıldığını bildirib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti