Elgün Abbaslının anasından türk şəhid ailəsinə anlamlı yardım - FOTO

Elgün Abbaslının anasından türk şəhid ailəsinə anlamlı yardım -   FOTO
  20 Fevral 2023    Oxunub:5560
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycandan qardaş ölkəyə xeyli yardımlar göndərildi. AzVision.az TRT avaz-a istinadən xəbər verir ki, humanitar yardımları daşıyan yük maşınlarından birinin sürücüsü üzərinə “Türkiyədə şəhid anasına təhvil veriləcək” yazılmış bir bağlamanı Malatya valiliyinə bağlı Afət Təcili Sosial Yardım (ASYA) səlahiyyətlilərinə verib.
Səlahiyyətlilər İkinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da şəhid olan Elgün Abbaslının fotoşəkilinin olduğu bağlamanı şəhid ailəsinə çatdırıblar. Bağlamanı alan həmin şəxs Hakkaridə şəhid olan Cevdet Şişmanın anası Ayşe Şişman olub.

Yardımın üzərindəki şəkli görəndə həm sevinc, həm də kədər hissi keçirən Ayşe Şişman Azərbaycandan gələn bağlamadakı uşaq paltarları, şokoladları dərhal balacalara paylayıb: “Uşaqları geyindirdim, onlar sevindi, mən də sevindim. Şokoladları da payladım. Özüm yemədim, yeyə bilmədim”.

TRT avaz-ın məlumatına görə, zəlzələdən sonra Akçadağ rayonunun Bahri məhəlləsindəki konteynerə məskunlaşan 75 yaşlı Şişman bağlamanın üzərindəki şəhid əsgərin şəklini görəndə çox təsirləndiyini deyib.

Şəhid oğlu üçün hazırladığı yorğan-döşəyi Türkiyəyə göndərdi
Qutunun üzərindəki şəkli kəsib götürən ana "Bağlamadakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli götürüb Cevdətimin yanına qoydum" deyib. O qeyd edib ki, "bu mənim Cevdətimin yanındadır, nə qədər ki, varam, fotolar da mənimlə olacaq”.

O, azərbaycanlı şəhid Abbaslının indi onun da oğlu sayıldığını deyib: "Allah bu bağlamanı göndərəndən razı olsun, məni sevindirdi. Allah onu da sevindirsin. Oğlu nur içində yatsın. Onun yavrusu mənim, mənimki də onun balasıdır. Daha nəyimiz var ki, heç nəyimiz yoxdur... O məni anlayır, mən onu başa düşürəm. Bizi başqa heç kim başa düşə bilməz. Ancaq bunu yaşayan bilir”.

Şişman şəkili ömürlük saxlayacağını deyib: "Vallah zəlzələni unutdum. Çünki bu bağlama gəldi, şəkli gördüm, beləcə zəlzələ yaddan çıxdı. O anaya qurban olum ki, belə gözəl oğul böyüdüb. Onunla görüşmək, tanış olmaq istəyirəm. Yanımıza gəlsin. Onu bura gətirən olsa qapım üzünə açıqdır. Mənim yanımda olsun, qalsın, hər şeyimi, varımla, yoxumla nəyim varsa onunla paylaşacam!”

Tural Tağıyev
AzVision.az


Teqlər:   Şəhid   Türkiyə   Yardım  





Xəbər lenti