FTB ilk dəfə açıqladı: "Koronavirus Çində laboratoriyadan yayılıb"

      FTB ilk dəfə açıqladı:    "Koronavirus Çində laboratoriyadan yayılıb"
  01 Mart 2023    Oxunub:612
Dünya koronavirusun mənşəyi ilə bağlı ABŞ-dan ardıcıl yayımlanan bəyanat və hesabatları müzakirə edir. Amerika mətbuatı ABŞ Energetika Nazirliyinin virusun "aşağı təhlükəsizlik nisbəti" ilə laboratoriyadan yayıldığını düşündüyünü bildirib. ABŞ-ın Çindəki səfiri Nikolas Böns isə bildirib ki, Pekin COVID-19-un mənşəyi ilə bağlı "daha dürüst" olmalıdır. Bütün bu məlumatlardan sonra Federal Təhlükəsizlik Bürosu (FTB) səssizliyini pozaraq ilk dəfə virusun mənbəyi ilə bağlı açıqlama yayıb.
FTB-nin direktoru Kristifer Vrey koronavirusun böyük ehtimalla Çin hökümətinin nəzarətindəki laboratoriyadan yayıldığını iddia edib. O bildirib ki, bu, bir qurum olaraq FTB-nin rəyidir.

"Fox News"a danışan Vrey "FTB bir müddətdir ki, pandemiyanın laboratoriya ilə əlaqəli bir hadisə nəticəsində başladığını düşünür" deyərək ilk dəfə olaraq virusun mənşəyi ilə bağlı rəyini açıqlayıb.

Bu günə qədər Çin həmişə bu cür ittihamları rədd edib. Vreyin açıqlamaları ABŞ-ın Çindəki səfiri Nikolas Burnsun "Pekin Covid-19-un mənşəyi ilə bağlı daha dürüst olmalıdır" deməsindən bir gün sonra yayılıb.

"Çin pandemiyanın mənşəyini dəqiqləşdirmək və faktları gizlətmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edir. Bu, bizim hamımız üçün çox təəssüf doğurucudur" Vrey əlavə edib.

Bəzi araşdırmalarda virusun Uhan şəhərində dəniz məhsulları və vəhşi heyvanların satıldığı bir bazarda insanlara keçə biləcəyi qənaətinə gəlinib. Bu bazar dünyanın ən qabaqcıl virus laboratoriyalarına sahib olan və əvvəllər koronaviruslar üzərində işlədiyi məlum olan Uhan Virusologiya İnstitutundan 40 dəqiqəlik məsafədədir.

Pandemiyanın başlanğıcında virusun laboratoriyadan yayıla biləcəyi iddiası sui-qəsd nəzəriyyəsi kimi qəbul edilirdi. Səhiyyə rəsmiləri bu ssenarini təkzib edirdilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun zəif ehtimal olduğunu söyləmişdi. Lakin bu bəyanatlardan sonra ÜST bütün fərziyyələrin daha ətraflı araşdırılması olduğunu bildirib

Xatırladaq ki, 2019-cu ilin sonunda yayılmağa başlayan Sars-Cov-2 virusu dünya üzrə təxminən 7 milyon insanın ölümünə səbəb olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti