İranda tələbə qızları zəhərləyənlər edam olunacaqlar

   İranda tələbə qızları zəhərləyənlər    edam olunacaqlar
  06 Mart 2023    Oxunub:1021
İranın Ədliyyə naziri Qulamhüseyin Muhsin Ejei qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə əlaqəsi olan şəxslərin edamla mühakimə ediləcəyini deyib.
Ejei qeyd edib ki, bu, yer üzündə fitnə-fəsad törətmək cinayətlərindən biridir:
"Günahkarlar müəyyən edilib tutulduqda şübhəsiz ki, mühakimə olunacaqlar”.

İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur.

Qeyd edək ki, İran lideri Əli Xamneyi zəhərlənmə hadisələri ilə bağlı hakimiyyət orqanlarına ciddi tədbir görülməsini və günahkarların ən ağır cəza ilə cəzalandırılmasını tapşırıb.

Xatırladaq ki, 2022-ci il noyabrın 30-dan etibarən İranda qızların təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verir. Bu günə qədər ölkənin 6 əyalət məktəbində 700-dən çox qız şagird zəhərlənib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur.

Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində Məhsa Əmini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.

Tehran administrasiyasına yaxın mənbələr isə hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti