Rusiya XİN-dən Qarabağda gərginliyin artmasına münasibət

   Rusiya XİN-dən  Qarabağda gərginliyin artmasına münasibət
  06 Mart 2023    Oxunub:780
Rusiyanın Xarici İşlər Nazirliyi Qarabağda gərginliyin artmasından ciddi narahatlığını ifadə edib.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Moskva tərəfləri təkidlə təmkin nümayiş etdirməyə və vəziyyətin gərginliyini azaltmaq üçün addımlar atmağa çağırır, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il noyabrın 9-da imzalanmış Bəyanatında təsbit olunmuş müddəalara ciddi şəkildə əməl olunmasının zəruriliyini təsdiq edir.

Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin və həyat fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün məsələlər bu kontingentin himayəsi altında tərəflərin təması və sülh yolu ilə həll edilməlidir.

“Baş verənlər Bakı və İrəvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının, o cümlədən regional kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sülh sazişinin imzalanmasının reallaşdırılması çərçivəsində tezliklə danışıqlara qayıtmasının imperativliyini bir daha təsdiq edir”.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

AzVision.az



Teqlər:





Xəbər lenti