Qlobal böhranın ayaq izləri: ABŞ banklarının uğursuzluğu təşviş yaradır

      Qlobal böhranın ayaq izləri:    ABŞ banklarının uğursuzluğu təşviş yaradır
  16 Mart 2023    Oxunub:842
ABŞ-da başlayan “bank böhranı” Avropaya da sirayət edib. ABŞ prezidenti Co Bayden şəxsən verdiyi sözə və edilən bütün müdaxilələrə baxmayaraq, “bank böhranı panikası” əvvəlcə ABŞ-da, sonra isə Avropada sürətlə yayıldı.
Bəs bankların müflisləşməsi qlobal böhrana çevriləcəkmi?

ABŞ-da "Silikon Vadisi", "Signature" və "Silvergate Capital" banklarının ardıcıl iflasları maliyyə bazarlarında qırmızı həyəcana səbəb olub. Hökumət dərhal müdaxilə edərək banklara qəyyum təyin etdi və əmanətçilərə aktivlərinə qeyd-şərtsiz giriş vəd edildi.

Yaşanan bu hadisə hər kəsə 2008-ci ildə baş verən qlobal böhranı xatırladıb. ABŞ Maliyyə Naziri Janet Yellen "Wall Street"də fəaliyyət göstərən bank investorlarının və rəhbərlərinin o vaxtkı kimi "xilas olunmayacağını" açıqlayaraq "diqqətimiz əmanətçilərədir” mesajını verib.

"Maliyyə böhranı zamanı investorlar və sistematik iri bankların sahibləri xilas edildi. Bu dəfə biz bunu etməyəcəyik. Çünki həyata keçirdiyimiz islahatlar bu yöndə olub. Biz əmanətçilərdən narahatıq. Onların ehtiyaclarını qarşılamağa diqqət yetiririk".

ABŞ hökumətinin sürətli addımları və böhranın həftəsonu baş verməsi bazara təsirini gecikdirdi. Lakin yeni həftə başlayan kimi bütün dünya birjalarını "bank təşvişi" vurdu. Maliyyə və texnologiya səhmləri çökdü.

Avropa liderləri böhranın onların bank sistemlərinə təsir etmədiyi barədə bəyanatlar veriblər. Alt mətndə həmişə “narahat olmayın” mesajı qeyd olunur.

Almaniya kansleri Olaf Şolz "Amerika, İngiltərə, Avropa və Almaniya rəsmilərinin açıq və sərt reaksiyalarından da göründüyü kimi, vəziyyəti yaxından izləyirik və sürətlə hərəkətə keçirik. Əmanətləri qorumaq üçün mümkün olan ən yaxşı yol izlənir. Almaniyanın narahat olacağı bir şey yoxdur”, deyə qeyd edib.


Lakin liderlərin təşvişi yatırmaq üçün verdiyi açıqlamaların təsiri qısamüddətli olub. Aparıcı kredit reytinqi agentliyi "Moody's" Amerika bank sektoru üzrə proqnozu "stabil"dən "mənfi"yə dəyişib.

Qurumun hesabatında ABŞ-da "Silikon Vadisi" və "Signature" banklarından başqa digər bankların da müflis olmaq riski altında olduğu bildirilib. Səbəb kimi bu bankların reallaşdırılmamış zərərləri göstərilib.

“Reallaşdırılmamış zərər” bankın əlində olan və dəyəri düşmüş istiqrazları satmaq məcburiyyətində qaldığı təqdirdə nə qədər itirəcəyini ifadə edir. Amerika Federal Əmanətlərin Sığortalanması Korporasiyasının məlumatına görə, Amerikanın bank və maliyyə sektorunda ümumilikdə 620 milyard dollar reallaşdırılmamış zərər var. Artan siyasət faizləri səbəbiylə dəyərini itirən uzunmüddətli istiqrazlar bu itkilərin böyük hissəsini təşkil edib.

"Moody's" açıqlamasından sonra ilk etapda qismən yaxşılaşan bank səhmləri yenidən alt-üst olub. Ekspertlər bank sisteminin çöküş siqnalları verdiyinə diqqət çəkiblər.

Avropanın bir çox ölkəsində fond bazarlarında bankların səhmlərində böyük həcmdə azalma müşahidə olunub.


Böhranın Avropadakı mərkəzi İsveçrənin ən nüfuzlu investisiya banklarından biri olan “Credit Suisse” olub. Bir gündə 30 faiz dəyər itirən bankın səhmləri tarixinin ən aşağı səviyyəsinə düşüb. "Credit Suisse"in ən böyük investoru olan Səudiyyə Ərəbistanı Milli Bankı azalmanı yavaşlatmaq üçün yeni likvidlik çağırışı olacağı təqdirdə banka daha çox vəsait köçürməyəcəyini deyib. Səbəb kimi fond köçürmələrinin 10%-i keçəcəyi və bunun bank qaydalarında problem yaradacağı bildirilib.

Mütəxəssislər "Credit Suisse" və Avropadakı digər bankların azalmanın fərdi hadisələr olmadığını deyirlər. Bu nöqtədə ən böyük narahatlıq qlobal bazarlarda “sıçrayış effekti”dir. Başqa sözlə, müxtəlif ölkələrdəki bank müştəriləri bütün əmanətlərini eyni vaxtda geri götürür və daha çox iflasa səbəb olur.

İki ehtimal var: ya iqtisadi tarazlığı pozacaq yeni böhranın qarşısı hələ başlamamış alınacaq, ya da dünya yeni qlobal maliyyə fəlakətinin ilk günlərini yaşayır. Hansı ehtimalın reallaşacağını əmanətçilərin, hökumətlərin və maliyyə sektorunun gördüyü tədbirlər müəyyən edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti