Gürcü siyasətçi: "Heydər Əliyev mənə ata nəvazişi göstərərdi"

      Gürcü siyasətçi:    "Heydər Əliyev mənə ata nəvazişi göstərərdi"
  28 Mart 2023    Oxunub:892
Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Ulu Öndər Heydər Əliyev kimi dünyaşöhrətli dahi şəxsiyyət, xalqının və dövlətinin qarşısında duran çətinlikləri aradan qaldırmaqla ölkəsini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir dövlət başçısı bəxş edib.
AzVision.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi, 2000-2004-cü illərdə TRASCECA Hökumətlərarası Komissiyasının birinci katibi vəzifəsində çalışmış Zviad Kvaçantiradze söyləyib.

Azərbaycanda fəaliyyəti dövründə görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü vurğulayan Kvaçantiradze deyib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilirdi. Konfransın yekununda Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi. Sazişə əsasən, mən Dövlətlərarası Komissiyanın birinci katibi seçildim”.

O deyib ki, o vaxt “Əsas Çoxtərəfli Saziş”in müddəalarına uyğun olaraq, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşməsi qərara alındı və 2001-ci il fevralın 21-də Katibliyin binasının rəsmi açılışı oldu. Beləliklə, Heydər Əliyev Azərbaycanın tarixi İpək yolunun bərpasına töhfəsini verərək əsas inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynadı.

“Məhz həmin Katibliyin açılışında mənim Heydər Əliyevlə ilk görüşüm baş tutdu. O, çıxışında Avropa İttifaqı tərəfindən TRACECA proqramının həyata keçirilməsi ilə bağlı tədbirləri yüksək qiymətləndirdi. Heydər Əliyev çıxışında dedi: “Bizim qonaqlarımız bu binanın gözəlliyi haqqında və indiki vəziyyəti barədə yüksək fikirlər söylədilər. Bu binanın Avropa İttifaqının TRACECA proqramına və İpək yolunun bərpası üçün görülən işlərə görə ayrılması təsadüfi deyildir.

Bu bina Azərbaycanın, Bakının memarlıq abidələrindən biridir. Vaxtilə, XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev bu binanı yaradıb və burada da uzun müddət işləyib”.

Z.Kvaçantiradze deyir ki, Ulu Öndər Katibliyin açılışından sonra onunla qarşıda duran vəzifələr və planlar barədə yarım saat ərzində geniş fikir mübadiləsi aparıb. Gürcü siyasətçi qeyd edib ki, artıq Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə görülmüş işlər artıq öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan güclü nəqliyyat və kommunikasiya qovşağına malikdir.

“Heydər Əliyev şəxsi keyfiyyətlərində çox məzmunlu yumor hissinə malik idi. Tanış və hörmət etdiyi insanlara xüsusi diqqət yetirərdi. Mənimlə, bu dahi insan daha səmimiyyətlə görüşərdi. O, öz təşəbbüsü ilə başladığı irimiqyaslı işlərə xidmət edən insanlara çox qiymət verərdi. Xoşbəxtəm ki, mən də həmin insanlar sırasındaydım. Bütün tədbirlərdə mənimlə görüşər, heç zaman diqqətdən kənarda qoymazdı. O, məni yanına çağırar və ata nəvazişi göstərərdi”, - deyə Kvaçantiradze vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin xüsusilə Gürcüstanla münasibətlərə böyük diqqət yetirməsi isə Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Müdrik və uzaqgörən siyasi xadim olan Heydər Əliyev Azərbaycan və gürcü xalqlarının tarixi dostluğuna və mehriban münasibətlərinin daha da inkişafına xidmət edən vacib məqamlara həmişə böyük diqqət yetirib.

“Bu il mayın 10-da Azərbaycan xalqı Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyini qeyd edəcək. Mən də xoşbəxtəm ki, belə bir şəxsiyyətlə tanış olmuşam.

Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi irs, onun ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən layiqincə, şərəflə, inkişaf etdirilməklə həyata keçirilir. Mən Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq”, - deyə Kvaçantiradze bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti