"Söz verib, aldatdı məni": Paşinyanın tərsinə reallaşan 11 vədi - TƏHLİL

 "Söz verib, aldatdı məni":  Paşinyanın tərsinə reallaşan 11 vədi    - TƏHLİL
  29 Mart 2023    Oxunub:1541
Ermənistan mediasında baş nazir Nikol Paşinyanın 5 illik uğursuz siyasi fəaliyyəti ilə bağlı maraqlı yazı dərc edilib. "Jam" nəşrinin yaydığı təhlildə qeyd edilir ki, Paşinyan aldatmaq, hiylə üzrə beynəlxalq mükafatlara layiq görülə bilər.
Çünki onun indiyə kimi səsləndirdiyi bütün bəyanat, məqsəd və vədləri əks nəticələr göstərib.

Təhlilçi David Mkrtçyan qeyd edir ki, baş nazirin reallaşdırmaq istədiyi planların tərsinə baş tutmasını qətiyyən təsadüfi nəticələr saymaq olmaz. Bu, bir və ya iki halda təsadüfən ola bilər. Lakin siyasətçinin qeyd etdiyi bütün əsas məqsədlərin alınmaması artıq ciddi şübhələr doğurmalıdır.

"Beləliklə, real nəticədə əks mənzərə yaradan bütün elan edilmiş məqsədlərə nəzər salaq. Birinci vəd odur ki, Paşinyan 2018-ci ildə “Sevgi və Tolerantlıq” inqilabı vəd etmişdi. Lakin bu beş ildə o, cəmiyyətə “nifrət və dözümsüzlük” dəyərlərini aşıladı. Nəticədə yenicə müstəqillik qazanmış Ermənistan tarixində ilk dəfə olaraq ailələr, dostlar xalq arasında fikir ayrılığı yarandı. 2018-ci ilə qədər Ermənistanda belə bir fakt qeydə alınmayıb", -məqalədə yazılıb.

Uğursuz baş nazirin ikinci əks-effekt verən vədi isə Qarabağla bağlıdır. Çünki Paşinyan xalqa söz vermişdi ki, Xankəndidəki qondarma rejimi də danışıqlara tərəf kimi çəkəcək. Siyasətçi qeyd edirdi ki, guya o, hakimiyyətə gəlməmişdən əvvəl mövcud olmuş erməni diplomatiyası məhz buna görə uğurlu nəticə əldə edə bilmirmiş.

Faktiki olaraq isə inqilabçı siyasətçi təkcə Ermənistanı deyil, Xankəndidəki separatçıların da danışıqlar prosesində iştirak arzusunu ürəyində qoydu. Müəllif yazır ki, "hətta ən geridə qalmış cəmiyyətlərdə belə yalan vədlər, hiylələrə yol verilməzdi".

Üçüncü vəd Paşinyanın Azərbaycanla sülh münasibətlərinin qurulmasının tərəfdarı olması ilə bağlıdır. Amma məhz onun hakimiyyəti dövründə ağır müharibə başladı: "Nəticədə biz Qarabağı əldən verdik, 4000-dən çox qurbanımız oldu. Halbuki 2018-ci ilə qədər, 24 il demaqoqik ifadələr olmadan ortada müəyyən mənada sülh var idi".

Dördüncü vəd də maraqlı və gülməlidir. Mkrtçyan yazır ki, 2018-ci ildən sonra Paşinyan ortaya yeni zəfərlər qazanmaq şüarları ilə çıxdı və onun hakimiyyəti dövründə qələbə ifadəsi keçmişdəki kimi tez-tez səsləndirilmirdi. Amma məhz erməni xalqına dağıdıcı nəticələr bəxş edən kapitulyasiyanı indiki baş nazir gətirdi.

Xalqa verilən beşinci vəd Paşinyanın 2019-cu ildəki məşhur bəyanatı olub. Bu, “Qarabağ Ermənistandır və nöqtə” çağırışı idi. Qeyd edilir ki, həmin fikir 2018-ci ilə qədər eşidilməyən bir şüar olub. "Köhnələr" indiyə qədər belə ağır bəyanatın hansı nəticələrə gətirib çıxaracağını bilmədikləri üçün deyil, ümumiyyətlə demək istəməmişdilər.

Təcrübədə isə məlum oldu ki, bu gün həmin vədi verən Paşinyan bunun tam əksini reallaşdırdı. Yəni “Qarabağ Azərbaycandır və nida” şüarını təsdiqləyir.

"Sadəcə o, “zombiləri” reallığı görməsin deyə, bunu maskalanmış şəkildə edir. Amma xalqımızın böyük əksəriyyəti artıq Paşinyanın aldatmalarını anlayıb və onun arxasınca düşüblər", - Mkrtçyan qeyd edib.

Altıncı vəd kimi isə Paşinyan və onun əlaltılarının neçə ildir regionun dəyişəcəyini, kommunikasiyaların açılacağını demələri xatırladılıb. Lakin onlar Qarabağa görə Bakıya güzəştə getmirlər və bu səbəbdən Ermənistanın mühüm nəqliyyat dəhlizinə çevrilməsi vədi işləmir: "Bu gün, Qarabağ problemi mövcud deyilsə, Paşinyanın məlum vədi niyə işə yaramadı? Çünki azərbaycanlılar üçün bu nəqliyyat, kommunikasiya elə də əhəmiyyət daşımır. Onlara Qarabağ və Zəngəzur lazım idi. Hazırda Paşinyanın siyasi və ideoloji uğursuzluğu hətta Ermənistanın anti-Qarabağ əhval-ruhiyyəsində də özünü büruzə verib".

Təhlildə yeddinci vəd kimi rusofobiya məsələsinə toxunulub. 2018-ci ildən sonra Paşinyan İrəvanla Moskva arasında münasibətlərin nəinki pisləşəcəyini, əksinə, xeyli yaxşılaşacağını bəyan etmişdi.

İrəvan Göbbelsin "10 qızıl qaydası"nı necə tətbiq edir? - Erməni siyasətçinin şərhi
Bu gün cəmiyyətin ən aşağı təbəqəsi belə anlayıb ki, Moskva artıq məhz Paşinyana görə Ermənistana etibar etmir. İki ölkə arasında münasibətlər isə heç vaxt bu qədər pis olmayıb.

Səkkizinci vəd də maraqlıdır. Paşinyan bildirmişdi ki, korrupsiyaya qarşı mübarizə əvvəlki kimi formal xarakter daşımayacaq. Hətta korrupsiyaya yol verən öz adamları belə bu məsuliyyətdən yayınmayacaq: "Beş il keçsə də, balaca bir “balıqdan” başqa heç kim həbs olunmayıb. Bu arada, beynəlxalq təşkilatların yaydıqları bəyanatlara baxsaq görərik ki, Ermənistanda sistemli korrupsiya əvvəlki kimi qalıb".

Xalqa verilmiş doqquzuncu vəd məhkəmə siyasətinə dairdir. 2018-ci ildə Paşinyan hakimiyyət bölgüsü balansının pozulmaması üçün məhkəmə sisteminin işlərinə qarışmayacağına söz vermişdi. Faktiki olaraq isə o, ölkənin Konstitusiya Məhkəməsi institutunu məhv etdi, məhkəmə hakimiyyətinin az-çox müstəqil elementlərinin əldə etdiyi nailiyyətləri də sıradan çıxardı. Müəllif yazır ki, Nikol məhkəmə sistemini 90-cı illərə qaytarıb.

Onuncu, xalqa söz verilib tərsinə reallaşmış vəd isə oliqarxlara aiddir. Mkrtçyan yazır ki, 2018-ci ildə Paşinyan ölkənin iqtisadi sistemini de-oliqarxizasiya edəcəyinə söz verdi. Nəticədə bananın idxal monopoliyası aradan qalxacaq, ölkədə qiymətlər aşağı düşəcək, əhalinin həyat səviyyəsi isə yüksələcəkdi: "Əslində, ölkədə oliqarxlaşma aradan qalxmadı. Sadəcə imtiyazlı oliqarxların adları dəyişdirilib. Bəziləri isə hətta elə öz yerində qalıb. Guya onlar “demokratik” fondlara töhfə verirlər. Və bu gün qiymətlər o həddə çatıb ki, insanlar “köhnə qiymətləri” xoş xatirə kimi yada salırlar".

Mkrtçyana görə Ermənistanın yaxın tarixində hələ belə bir riyakarlıq qeydə alınmamışdı ki, baş nazirlər üç milyonluq xalqı belə eşşək yerinə qoysun. Amma sonuncunun fəaliyyəti nəticəsində, beş il ərzində Paşinyanın tərəfdarları "çiçəklənərək" artdı.

Nəhayət on birinci, sonuncu vəd də var ki, bu hələki tam reallaşmayıb. Paşinyanın 2021-ci il üçün əsas şüarı “Xoşbəxt gələcək”, yaxud da adəcə "Gələcək" tezisindən ibarət idi. Bu daha çox o mənada qorxuludur ki, onun yuxarıda sadalanan bütün vədlərində tam əks nəticələr qeydə alınıb. 11 vədin tərsinə olması təsadüf ola bilməyəcəyindən və bütün bunlar bir zəncirdən ibarət olduğundan, Paşinyanın “müşaviri”nin bilərəkdən belə adda son şüarı seçdiyini düşünmək olar. Bu yerdə müəllif faşist Almaniyasının Təbliğat naziri Göbbelsin sitatını xatırladıb. Qeyd edilib ki, Göbbelsin "verilən vədlər nə qədər yalan olarsa, ictimaiyyət tərəfindən də bir o qədər həqiqət kimi qəbul ediləcəyi" ilə bağlı dediyi sözlər gerçəkləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Vəd  





Xəbər lenti