İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub - YENİLƏNİB

   İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub -  YENİLƏNİB
  29 Mart 2023    Oxunub:1940
Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.

Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.



***

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen iştirak edib.

Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Xatırladaq ki, Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti