Əsir Hüseyndən xəbər var: "Mənəm Hüsü, ana, nə olar məktub yaz"

   Əsir Hüseyndən xəbər var: "Mənəm Hüsü, ana, nə olar məktub yaz"
  27 Aprel 2023    Oxunub:7784
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov anasına məktub yazıb. Bu barədə AzVision.az -a əsir əsgərimizin anası Şəlalə Axundova deyib.
Ana bildirib ki, oğlu məktubda özü haqqında məlumat verib və ailəsi ilə maraqlanıb.
"Məktubu oğlum yazmayıb, onun xətti deyil" - Əsir Aqşinin anası

"Salam ana, mənəm Hüsü, necəsən? Vəziyyətin necədir? Özünə yaxşı bax, nə olar. Tezliklə gələcəyəm, mənə məktub yaz" , -məktubun mətnində bildirib.

Şəlalə Axundova əmin olmasa da, yazını oğlunun xəttinə bənzətdiyini deyib.

"Xəttinə bənzədirəm, ancaq hərflərin yarısı çap ilə olduğuna görə, çaş-baş qalmışam".

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Əsir  



Xəbər lenti