"Ölən azyaşlı qeydiyyatdan kənar məşqə cəlb edilib" - Nazirlik

   "Ölən azyaşlı qeydiyyatdan kənar məşqə cəlb edilib" -    Nazirlik
  02 May 2023    Oxunub:2353
Təhsil Nazirliyi Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 nömrəli məktəbdə məşq zamanı azyaşlının ölümünə münasibət bildirib.
Nazirlikdən AzVision.az -a bildirilən məlumata görə, aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib.
Azyaşlının ölümünə səbəb olan məşqçi məktəbdə qanuni işləyib - DETALLAR+FOTOLAR

" 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib.​ Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla​ bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb .

Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb.​

Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, ötən gün Mehman Xəlilov un məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Xatırladaq ki, 29.04.2023-cü il tarixdə axşam təxminən saat 5 radələrində "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Xəlilov Mehman Mehran oğlu Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu xəsarət alaraq dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   SumqayıtMəktəb   Azyaşlı  



Xəbər lenti