ABŞ-ın "qızıl planı": Vaşinqton defoltdan qurtulmaq üçün hiylə işlədə bilər

  ABŞ-ın "qızıl planı":  Vaşinqton defoltdan qurtulmaq üçün  hiylə işlədə bilər
  12 May 2023    Oxunub:3529
ABŞ-nin defolt elan olunma təhlükəsi heç vaxt indiki qədər yüksək olmayıb. Bundan qaçmaq üçün dövlət borcunun yuxarı həddinin qaldırılması barədə Ağ Ev ilə Konqres hələlik razılığa gələ bilmirlər. Hətta prezident Co Baydenin Konqresin liderləri ilə görüşü də heç bir nəticə verməyib.
Mayın 1-də ABŞ-nin maliyyə naziri Canet Yellen Konqresin Nümayəndələr palatasının liderlərinə ünvanladığı məktubda dövlət borcunun limitinin artırılmayacağı halda rəhbəri olduğu qurumun əlçatan resurslarının iyunun 1-də tükənəcəyini və beləliklə də artıq bu ilin yayında ABŞ-nin defoltla (dövlət borcları üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olmaması) üzləşə biləcəyi təhlükəsini qeyd etmişdi.

Maraqlıdır ki, təhlükəyə rəğmən, bu ilin yanvarından Nümayəndələr palatasına nəzarət edən respublikaçılar hökumətin dövlət borcunun növbəti dəfə artırılmasına imkan vermirlər. Daha doğrusu, hazırda 31,4 trilyon dollar təşkil edən bu borcun 1,5 trilyon dollar artırılması əvəzində köklü islahatlar aparmaqla qarşıdan gələn 10 il ərzində büdcə xərclərinin 4,5 trilyon dollar azaldılması tələbini irəli sürürlər. Ağ Evlə Konqress arasında aprılan ilkin müzakirələr nəticəsiz qalsa da, prezident Co Bayden ortaq məxrəcə gəlmək üçün danışıqların iyunun 1-dək hər gün keçiriləcəyini bəyan edib. Hərçənd, bugünə təyin olunmuş müzakirələr gələn həftəyə qədər təxirə salınıb.

Əslində ABŞ zaman-zaman "ya dövlət borcunun yuxarı həddinin qaldırılması, ya da defolt elan edilmə" problemi ilə üzləşir. Hər dəfə də Konqreslə Ağ Ev arasında müəyyən sövdələşmələrdən sonra dövlət borcunun yenidən artırılması barədə razılığa gəlinir. Bunun əsas səbəbi ABŞ dollarının dünyada yeganə ehtiyat valyuta kimi statusunu qoruyub saxlamaq zərurətidir. Çünki qlobal iqtisadiyyatı hörümçək toru kimi özünə bağlamış milli valyutanın sahibinin defolt elan etməsi birbaşa onun dünya hegemonluğunun sarsılması demək olacaq. Xüsusilə də, Rusiya, Çin və onların bir sıra müttəfiqlərinin ABŞ dollarının nüfuzuna zərbə endirmək cəhdləri fonunda buna getmək elə onların dəyirmanına su tökmək demək olardı. Bu baxımdan, əksər ekspertlər Ağ Evlə Konqresin son nəticədə dil tapacaqlarını bildirirlər.

ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin (CİA) sabiq müşaviri və maliyyə eksperti Ceyms Rikards defoltdan qaçmaq üçün Fort-Noksdakı (Kentukki ştatı) hərbi bazada saxlanılan qızıl ehtiyatları ilə bağlı çox incə bir hiylə işlədilməsi variantını irəli sürür.


Onun təklifinə görə, xəzinədarlığın bircə zəngi kifayətdir ki, həmin qızıl daha yüksək məzənnə ilə qiymətləndirilsin. Məsələ ondadır ki, hazırda ABŞ-da qüvvədə olan sertifikata görə, qızılın bir unsiyası cəmi 42,22 dollar təşkil edir. Bu isə dünya birjalarındakı qiymətlərdən təxminən 48 dəfə ucuzdur. Hökumət həmin qızılı dünya bazarlarındakı məzənnəyə uyğun şəkildə, yəni bir Troya unsiyasına görə 2042 dollar səviyyəsində qiymətləndirən yeni sertifikat buraxaraq, sonradan Federal Ehtiyat Sistemindən (FES) əvvəlki və yeni məzənnə arasındakı fərqin ödənilməsini tələb edə bilər.


Belə manevr dövlət borcunu artırmadan xəzinəyə əlavə təxminən 500 milyard dollar qazandıra bilər. Rikards öz təklifini ABŞ Konstitusiyasına 5-ci düzəlişdə ehtiva olunan “ədalətli təzminat ödənildiyi halda hökumət şəxsi əmlakı müsadirə etmək hüququna malikdir” müddəası ilə əsaslandırır.

Lakin Ceyms Rikardsın ideyası digər ekspertlər arasında mübahisələrə və şübhələrə səbəb olub. Onların fikrincə, bu təklifin həyata keçirilməsi həm ölkədə, həm də beynəlxalq maliyyə bazarlarında böyük ziddiyyətlər və ciddi fəsadlar doğura, ən əsası isə qlobal miqyasda ABŞ dollarına etimadı zəiflədə bilər.

Digər tərəfdən, hazırda ABŞ hökuməti vəziyyəti xilas etmək üçün 500 milyard yox, ən azı 1,5 trilyon dollara ehtiyac olduğunu bildirir. Qlobal liderliyin qorunub saxlanması üçün xərclənən hədsiz maliyyə resursları isə gələcəkdə də ABŞ-nin belə defolt təhlükələri ilə dəfələrlə üzləşəcəyini istisna etmir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: ABŞ   defolt  





Xəbər lenti