İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Türkiyənin regional nəqliyyat kommunikasiyalarının, konkret olaraq Zəngəzur dəhlizinin açılmasını gündəmə gətirdiklərini xatırladan ekspert deyib ki, bu məsələdə Tehranın sərt mövqeyi dərhal nəzərə çarpdı. İran Ermənistanla ümumi sərhədi itirməkdən ehtiyat edir, çünki bu hissəyə Azərbaycan-Türkiyə birgə nəzarəti olsa, Tehranın Cənubi Qafqaza çıxışı məhdudlaşacaq. İranın Azərbaycan vasitəsilə Qara dəniz limanlarına çıxışı ola bilər ki, bu halda Bakı və Ankaradan asılı duruma düşmə riski var.
Vaşinqtonun İranla bağlı acı etirafı |
“İrəvanla Tehran arasında sıx münasibətləri nəzərə alsaq, İran-Ermənistan sərhədində Azərbaycan-Türkiyə nəzarətinin yaradılması İranın özünün şimal-qərb sərhədlərinə də geosiyasi təsirini sarsıdacaq. Məhz bu kontekstdə qeyd etmək lazımdır ki, rəsmi şəxslərin ritorikasının sərtləşməsi, Azərbaycan sərhədində hərbi təlimlər keçirməsi, konkret diplomatik addımlar – Qafanda konsulluğun açılması Ermənistanla tarixi sərhədlərdə dəyişikliklərin qarşısını almağa xidmət edir ”, - gürcü ekspert vurğulayıb.
V.Papava hesab edir ki, Tehranın bu münaqişəli durumu Azərbaycanla birbaşa hərbi toqquşma həddinə yüksəltməsi son dərəcə arzuolunmaz olardı. Çünki Türkiyənin kənarda durmayacağı və Azərbaycanı müdafiə edəcəyi aydındır. Bu da öz növbəsində İsrail və dünya güclərinin İrana qarşı münaqişəyə qoşulmasına səbəb olacaq.
“Bu, Tehranın “ərəb baharı”ndan sonra şübhə altına düşən regional ambisiyalarını müdafiə etməsinə və təhlükəsizlik məsələlərinə çox təsir edəcək. Söhbət regiondakı sünni dövlətlərinin - Yəmənin, İraqın, Livan və Suriyanın öz ölkələrində “şiə ekspansiyasını” minimuma endirmək istəyindən gedir. “Ərəb baharı” elə Tehranın regional ambisiyalarını cilovlamağa hesablanmışdı”, - həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Samir Vəliyev
AzVision.az