İran ötən ili 794 min milyard tümən büdcə kəsiri ilə başa vurub

   İran ötən ili 794 min milyard tümən büdcə kəsiri ilə başa vurub
  22 May 2023    Oxunub:1468
İranın Mərkəzi bankının statistik rəqəmləri açıqlamaması və prezident İbrahim Rəisinin 2022-ci il büdcəsinin “tam reallaşdığı” barədə verdikləri bəyanatlar fonunda, ölkənin Plan və Büdcə təşkilatının sədr müavini ötən il büdcə kəsirinin 794 min milyard tümən (19 milyard ABŞ dollarından bir qədər artıq) olduğunu deyib.
AzVision.az bildirir ki, İranın Plan və Büdcə təşkilatının sədr müavini Rəhim Membininin açıqlamalarına istinad edən “İSNA” xəbər agentliyi belə məlumat yayıb.

“Ümumi büdcə kəsiri təxminən 304 min milyard tümən olub. Təbii ki, 2022-ci ildə hökumətin sosial təminat və banklar qarşısında hədəfləmə üçün 190 min milyard tümən kəsir və 300 min milyard tümənlik öhdəliyi də nəzərə alınanda faktiki büdcə kəsiri təxminən 794 min milyard tümən idi” - Membini qeyd edib.

Beləliklə də, İran ötən ili əvvəlki illərlə müqayisədə 2 dəfə artıq büdcə kəsiri ilə başa vurub. Halbuki İbrahim Rəisi hökumətinin rəsmiləri dəfələrlə 2022-ci il büdcəsində kəsrin olmadığına əminlik vermişdilər.

Proqram və Büdcə təşkilatının keçmiş rəhbəri Məsud MirKazimi də yanvarın 9-da hökumət büdcəsində 400 min milyard tümən kəsir olduğu ilə bağlı xəbərlərə - “belə bir kəsirin olduğunu deyənlərin məlumatları yanlışdır və heç bir kəsirimiz yoxdur” - cavabını verimişdi.

Parlamentin Proqram, Büdcə və Hesablama komissiyasının rəhbəri Həmidrza Hacı Babayi də onlardan geri qalmayaraq, ötən ildə büdcə kəsrinin olmadığını söyləmişdi.

- 2022-ci il büdcəsində hökumətin resurslarının təxminən 100%-i reallaşdırılıb ki, bu da öz növbəsində unikal və çox qiymətlidir” , - komissiya rəhbəri hökumətin yalanlarını dəstəkləmişdi.

Amma , klassiklər demişkən, faktlar çox inadkar məfhumdurlar. Belə ki, İran rəsmilərinin iddialarına rəğmən, Beynəlxalq Valyuta Fondunun (BVF) bu yaxınlarda dərc etdiyi hesabatda bildirir ki, 2022-ci ildə büdcə kəsirindən qaçmaq üçün İran hökumətinə dünya bazarlarında neftin qiymətinin 278 dollar olması lazım idi. Bu rəqəm isə son ilin neft məzənnəsindən üç dəfə çoxdur. Deməli, ötən ili birtəhər iki dəfəlik büdcə kəsiri artımı ilə başa vuran İranı, bu ilin yekunlarına görə daha böyük məyusluq gözləyir.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər:





Xəbər lenti