İran Misirlə səfir mübadiləsi aparacaq

   İran Misirlə səfir mübadiləsi aparacaq
  25 May 2023    Oxunub:743
İran və Misir yaxın aylarda səfir mübadiləsi aparacaqlar. Omanın vasitəçiliyi ilə baş verəcək bu proses iki ölkə arasındakı münasibətlərdə inkişaf kimi qiymətləndirilir.
xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “National” qəzeti Misir rəsmilərinə istinadən belə məlumat yayıb.

“Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə İran prezidenti İbrahim Rəisi arasında görüş üçün prinsipial razılıq əldə olunub. İran və Misir prezidentləri arasında görüş yəqin ki, bu ilin sonuna kimi baş tutacaq. Qahirənin Tehranla münasibətlərinin normallaşması Misirin İraq, Suriya və Livan kimi İranın böyük nüfuza malik olduğu ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirə bilməsi üçün təminat olacaq. Bu məlumatlar Oman sultanı Heysəm ibn Tariqin Misirə iki günlük səfərindən bir neçə gün sonra yayılıb və həmin səfər zamanı Oman Sultanı Misir prezidenti ilə Qahirə və Tehran arasındakı əlaqələri müzakirə edib”, - qəzetin yaydığı xəbərdə deyilir.

Bununla yanaşı, Oman mediası bu ölkənin sultanının Tehrana gözlənilən səfərini açıqlayıb. “Reuters” agentliyi Oman dövlət televiziyasına istinadən xəbər verir ki, bazar günü baş tutacaq səfər iki gün davam edəcək.

Qahirə ilə Tehran diplomatik əlaqələri davam etdirsələr də, son onilliklərdə Misir və İran arasında münasibətlər gərginləşib. İran Misirlə münasibətlərin yaxşılaşdırılmasına can atsa da, Misir hökuməti bu barədə susur. Lakin son həftələr regional media Tehran və Qahirə arasında münasibətlərin tezliklə istiləşəcəyi barədə xəbərlər yayır.

İranla yaxın əlaqələri olan Omanın dəfələrlə rəsmi Tehranla ərəb və Qərb hökumətləri arasında mübahisələrdə vasitəçilik missiyasını yerinə yetirməsi belə nikbin gözləntilər üçün ciddi zəmin yaradır.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az



Teqlər: İran   Misir  





Xəbər lenti