Erməni teleaparıcı:"Rusiyadan sonra İran da ölkəmizin cənubuna girib"

    Erməni teleaparıcı:"Rusiyadan sonra İran da ölkəmizin cənubuna girib"
  31 May 2023    Oxunub:2533
"Əvvəllər biz dostumuz İran deyirdik. Bizim böyük, lap böyük dostumuz İran! Elə deyilmi? Amma insanlarımızın həssaslığından istifadə etdilər".
AzVision.az xəbər verir ki, bunu məşhur erməni televiziya şərhçisi David Qriqoryan deyib. O qeyd edib ki, rəhbərlər bu məsələlərdə hətta irəli gedərək insanların yalnış düşüncəsindən digər məsələlərdə də istifadə ediblər.

Onun sözlərinə görə, rəsmi Tehran artıq Ermənistanın ərazi bütövlüyü məsələsi ətrafında yaranan gərginlikdən elə də narahat deyil, sərhədlər isə dəyişməz qalır. Bu günə kimi iranlıların Rusiyadan 1,3 milyard dollar kredit ala bildiyini xatırladan jurnalist vurğulayıb ki, cənub qonşuları bu pullarla nəqliyyat infrastrukturlarını bərpa edir və hazırda böyük layihələrdə birbaşa iştirak edirlər. Bu layihələrdən əsası isə Azərbaycan ərazisindən keçəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir.

"Şimal-Cənub" dəhlizində isə heç bir erməni amilindən ölkəmizin adından bəhs edilmir. Uşaqlar artıq bizi saymır, yanıəmızdan ötüb keçirlər. Çünki biz yollar əvəzinə abidələr tikirdik", - televiziya şərhçisi gileylənib.

O həmçinin qeyd edib ki, "Bakıda oturanlar artıq intensiv şəkildə İranı terrorçu dövlət adlandırmırlar. Üstəlik, onlar rəsmi səviyyədə Azərbaycanın İrana qarşı əməliyyatlar üçün plasdarma çevrilməsinə imkan verməyəcəklərini bəyan edirlər. Mövzunu ortaya atdılar və bağladılar. Problemin həll olunduğunu düşünmək olar. Həm Bakı, həm Moskva, həm də Tehran İran-Azərbaycan siyasi gərginliyinin yaranmasından öz bəhrələrini götürdülər".

Jurnalist İrəvanın kənardan müşahidə etdiyi regional prosesləri siyasi sövdələşmə adlandırıb: "Artıq hər şey yekunlaşdı. Ermənistanın təhlükəsizlik məsələləri vasitəsilə və bizim hesabımıza siyasi alver baş tutdu. Nəticədə bölgədə nə baş verdi? Ermənistandakı irançılıq dalğası cərəyan etdi, Tehran bir neçə gün ərzində Zəngəzurda təcili konsulluq da açdı. Bu gün nə baş verir? Rusiya Federasiyası da Sünikdə konsulluq açır. Buradan ABŞ-a salam gönədrirəm!".

O tamaşaçılarına sual ünvanlayıb ki, "Bundan sonra nə olacaq? Bəli, Rusiya Federasiyası və İran Sünik-in logistika qovşaqlarını birgə idarə edəcəklər. Kim Rusiyanın Sünikdə konsulluq açmasına mane olacaq? Yaxud da İrana deyə biləcəyikmi ki, Sünikdə həddi aşmasın. Sizi heç burada sayan oldumu? Necə ki, Rusiyanın 102-ci hərbi bazası sülhməramlı adıyla Qarabağa qədər genişləndi, Sünikə də gəlib çıxdı, Tehran da taktiki cəhətdən Ermənistanın cənubuna daxil oldu. Ermənistan isə daha da ciddi asılılıqlara düşdü və bu halda təkcə Rusiyadan deyil, həm də İrandan asılı qalacağıq. Bəs bilirsiz ki, Rusiya və İran bir-birinə münasibətdə hansı mövqe sərgiləyirlər? Bəli, onlar strateji müttəfiqdirlər. Bir-birinə silah satır, pul verir, başqa ölkələrin daxili məsələlərini öz xarici siyasətlərinə çevirir, bütöv regionları qarışdırıb bölürlər və s.".

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti