Xarici diplomatlar İranın Qərçək həbsxanasına “baş çəkiblər”
İran məhkəmə hakimiyyətinə bağlı “Mizan” xəbər agentliyinin İran Həbsxanalar təşkilatına istinadən verdiyi məlumatda 36 nəfər ziyarətçi arasında səfir, diplomat və beynəlxalq təşkilatların nümayəndələrin olduğu deyilir. Lakin onların adı şəkilməməklə yanaşı, səfərlə bağlı heç bir şəkil paylaşılmayıb.
Məhkəmə hakimiyyəti rəsmisi Kazim Qəribabadi bildirib ki, üç saat çəkən səfərin məqsədi xarici rəsmilərə qadın məhbuslar üçün yaradılan müxtəlif misilsiz xidmət və imkanları göstərmək, onları İran həbsxanalarının prinsipləri ilə tanış etməkdir.
Maraqlıdır ki, bu səfər Qərçək zindanında olan 5 qadın siyasi məhbusun Evin həbsxanasının qadınlar şöbəsinə köçürülməsindən bir ay sonra baş tutub. Ən böyük qadın həbsxanası kimi tanınan Qərçək həbsxanası İranın ən məşhur həbsxanalarından biridir və insan haqları müdafiəçiləri dəfələrlə onun bağlanmasını tələb ediblər.
Bu yer əvvəllər həbsxana, toyuq ferması, sonra isə kişilərin narkomaniya düşərgəsi olub. Ötən ilin avqustunda Nərgiz Məhəmmədi və Aliyə Mətləbzadə Qərçək qadın həbsxanasının bağlanmasının zəruriliyini vurğulayan memorandum dərc edərək, bu həbsxananın ağır şəraitini
“dini avtoritar rejimin qadınlara qarşı baxışlarının, iradəsinin və hərəkətlərinin əksi” kimi qiymətləndiriblər.
AzVision.az