Ərdoğan bu gün and içəcək

   Ərdoğan bu gün and içəcək
  03 İyun 2023    Oxunub:1160
Türkiyədə keçirilən seçkilərinin II turunda yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
AzVision.az xəbər verir ki, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində yerli vaxtla 14:00-da keçiriləcək. Beləliklə, Ərdoğanın 2028-ci ilə qədər prezidentlik müddəti başlayacaq.

Məclisdəki proqramda Azərbaycan Prezidenti İlham Əliyev daxil olmaqla 20-dən çox ölkənin dövlət və hökümət başçısı iştirak edəcək. Bəzi ölkələrin isə xarici işlər nazirləri gələcək.

Digər tədbir 2018-ci ildə olduğu kimi Prezident Kompleksində keçiriləcək. Prezident Ərdoğan təbrikləri Beştəpədə qəbul edəcək. O, buradakı çıxışında yeni dövrün yol xəritəsi ilə bağlı da mesajlar verəcək.

Prezident Ərdoğan daha sonra Çankaya Köşkünə gedəcək. O, dövlət başçılarının şərəfinə verilən nahardan sonra kameralar qarşısına keçəcək və Prezident Hökümət Sisteminin ikinci dövrünün kabinetini ictimaiyyətlə bölüşəcək.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib.

Mayın 28-də seçkilərin ikinci turu seçilib. Yekun nəticələrə əsasən “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R. T. Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin baş naziri vəzifəsini icra edib. R. T. Ərdoğan 11 il bu vəzifədə olub. 2014-cü ildə keçirilən prezident seçkilərində qalib gələn Ərdoğan 4 il sonra, 2018-ci ildə yeni dövlət başçısı seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti