ABŞ-dan İrana qarşı yeni sanksiyalar

   ABŞ-dan İrana qarşı yeni sanksiyalar
  03 İyun 2023    Oxunub:1145
İranın istər beynəlxalq və regional müstəvidə terrorçuluğu dəstələməsi, bu və ya digər ölkələrin yüksək vəzifəli şəxslərinə, habelə ölkə daxilində törətdiyi sui-qəsdlər ona qarşı sərt sanksiyalar rejiminin tətbiqinə səbəb olub. Bu kontekstdə ABŞ İranın bir sıra təmsilçilərinə qarşı yeni sanksiyalar qəbul edib.
AzVision.az ABŞ Maliyyə nazirliyinin bəyanatına istinadən xəbər verir ki, Vaşinqton SEPAH-ın xarici kəşfiyyat rəhbərinə, SEPAH-ın digər üzvlərinə və filiallarına, habelə onun xarici əməliyyat silahlarına qarşı sanksiyalar tətbiq edib.

“Bu sanksiyalar İran və Türkiyədə olan üç şəxsi, SEPAH-ın Qüds qüvvələrinə bağlı bir şirkəti və SEPAH kəşfiyyatının iki yüksək rütbəli rəsmisinə şamil edilib. Həmin şəxslər Vaşinqton tərəfindən İrandan kənarda Amerika hökumətinin keçmiş rəsmilərinə, Amerika-İran ikili vətəndaşlarına, eləcə də İranda rejim əleyhdarlarına qarşı terror sui-qəsdlərində iştirakda ittiham olunurlar. Onlar mülki şəxslərə, o cümlədən jurnalistlərə qarşı xarici ölümcül əməliyyatların planlaşdırılmasında iştirak ediblər” , - bəyanatda deyilir.

SEPAH-ın Suriyadakı əməliyyatlarına dəstək verən Qüds qüvvələrinin üzvü Məhəmməd Rza Ənsaridir, ABŞ-ın iki keçmiş dövlət məmuruna sui-qəsd planlaşdıran və cəhd buna cəhd göstərən digər İran vətəndaşı Şəhram Pursəfi, həmçinin Türkiyədə yaşayan İran-Türkiyə ikil vətəndaşlığa malik Hossein Hafiz Əmini sanksiyaya məruz qalan şəxslərdir. Şəhram Pursəfi əvvəllər ABŞ Ədliyyə nazirliyi tərəfindən beynəlxalq terror planı hazırlamaqda və ona maliyyə yardımı göstərməkdə ittiham olunub. Hafiz Əmini isə Türkiyə aviasiya sənayesindəki əlaqələrindən, həmçinin özünün Türkiyədə yerləşən “Ray Aircraft” adlı aviaşirkətindən Qüds qüvvələrinin gizli əməliyyatları, o cümlədən iranlı müxalifləri oğurlamaq və öldürmək planları üçün istifadə edib.

- Jurnalistləri, fəalları, İranın ikili vətəndaşlarını və İranda insan haqlarının pozulmasına qarşı çıxanları hədəfə alan SEPAH Kəşfiyyat təşkilatının iki yüksək rütbəli üzvü - İstanbulda İsrail jurnalistlərinə və vətəndaşlarına qarşı sui-qəsdin planlaşdırılmasında iştirak edən SEPAH Kəşfiyyat təşkilatının əks-kəşfiyyat şöbəsinin keçmiş rəhbəri Ruhullah Bazqəndi , habelə İsrail vətəndaşlarına qarşı bir sıra uğursuz əməliyyatlara cavabdeh olan SEPAH-ın Xarici Kəşfiyyat təşkilatının rəhbəri Rza Sirac sanksiyaların şamil edildiyi şəxslər arasındadır”, - məlumatda vurğulanır.

Sanksiyalara əsasən, bu şəxslərin və şirkətlərin Birləşmiş Ştatlarda bütün mümkün aktivləri bloklanacaq, onlarla hər hansı bir əməliyyat “ikinci dərəcəli sanksiyalar” çərçivəsində amerikalı və qeyri-amerikalı fiziki və hüquqi şəxslər üçün cərimələrlə nəticələnəcək.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti