İran-Səudiyyə Ərəbistanı münasibətlərində yeni mərhələ başlayır

   İran-Səudiyyə Ərəbistanı münasibətlərində yeni mərhələ başlayır
  03 İyun 2023    Oxunub:1063
Son onilliklərdə Səudiyyə Ərəbistanı ilə İran arasında mövcud olan gərgin münasibətlərin tədricən yumaşlması və hətta konstruktiv məcraya yönəlməsi prosesi nəzərə çarpır. Son günlərin hadisələri bu dövlətlərin yaxınlaşmaya maraq göstərdiklərini bir daha sübut edir.
AzVision.az Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən bildirir ki, krallığın Xarici İşlər naziri Cənubi Afrikanın paytaxtı Keyptaunda keçirilən BRİKS sammiti çərçivəsində iranlı həmkarı ilə görüşüb.

“Feysəl bin Fərhan və Hüseyn Əmir Abdullahiyan Tehranla Ər-Riyad arasında münasibətlərin normallaşması üçün Pekinin vasitəçiliyi ilə əldə olunmuş son razılaşmanın həyata keçirilməsi yönündə növbəti addımları müzakirə ediblər. Görüşün sonunda Səudiyyə Ərəbistanı və İranın Xarici İşlər nazirlikləri beynəlxalq sülh və təhlükəsizliyin əldə edilməsinə zəmanət vermək üçün ikitərəfli əməkdaşlıq çərçivəsində ortaq məqsədlərə diqqət yetirməyin vacibliyini vurğulayıblar” - məlumatda deyilir.
İranın “İRNA” dövlət xəbər agentliyi isə, görüş zamanı edilən təklifə cavab oalaraq Səudiyyə Ərəbistanının Xarici İşlər nazirinin tezliklə Tehrana səfərə gələcəyini bildirib.

Cari ilin mart ayından etibarən bu Səudiyyə Ərəbistanı və İran Xarici İşlər nazirlərinin ikinci rəsmi görüşüdür. İki ölkə arasında münasibətlərin tənzimlənməsində əsas vasitəçi kimi isə məhz Pekin çıxış edir. Bu baxımdan, rəsmi xəbər agentliyinin məlumatında Pekinin adının xüsusi vurğulanması heç də təsadüfi deyil.
Məsələnin ən maraqlı tərəfi isə budur ki, 1979-cu ilin aprelində İranda baş verən İslam inqilabı nəticəsində dini radikallar hakimiyyətə gələnə qədər Vaşinqtonun Kəngər körfəzi (ərəb və ya fars körfəzi də deyilir) hövzəsində strateji müttəfiqi məhz Tehran idi. Lakin İranın teokratik rejiminin Vaşinqtona qarşı düşmənçilik siyasəti fonunda ABŞ zəngin neft ehtiyatlarına malik olan Səudiyyə krallığını bu coğrafiyada starteji müttəfiq seçdi. Belə vəziyyət təxminən 45 il davam etdikdən sonra, Vaşinqtonla Ər-Riyad arasında münasibətlər soyudu, son 2-3 ildə isə hətta xeyli pisləşdi.

Yaranmış vəziyyətdən məharətlə istifadə edən Pekin, nəinki yalnız Kəngər körfəzi, ümumilikdə Yaxın Şərqdə nüliderlik uğrunda mübarizə aparan bu iki dövləti bir masa arxasında oturtmağa müvəffəq oldu. Həmin ölkələrin İslam dünyasının sünni və şiə məzhəblərini təmsil etdiyini nəzərə alsaq, onlar arasında yaxınlaşmada əsas moderator rolunu oynayan Çinin həm Yaxın Şərqdə, həm də bütövlükdə İslam dünyasında necə güclü bir xal qazandığı aydınlaşar. Bu isə o, deməkdir ki, Vaşinqtonun uduzduğu xalları Pekin çox böyük ustalıqla öz hesabına yazır.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: Səudiyyə   İran  





Xəbər lenti