İranda daha iki bəhai Xavaran qəbiristanlığında dəfn edilib

   İranda daha iki bəhai Xavaran qəbiristanlığında dəfn edilib
  05 İyun 2023    Oxunub:1190
İranın teokratik rejiminin repressiya siyasəti bir sıra etnik və dini qruplara qarşı xüsusi qəddarlığı ilə seçilir. Belə ayrı-seçkiliyə və təqibə məruz qalanlardan biri də Bəhai dininin davamçılarıdır.
AzVision.az xəbər verir ki, son bir neçə gündə daha iki bəhai vətəndaşın cəsədi İranda edam olunan siyasi məhbusların basdırıldığı Xavaran qəbiristanlığında dəfn edilib.
“Hüquq müdafiəçiləri mərkəzi”nin bununla bağlı yaydığı məlumatda həmin şəxslərin dəfninin təfərrüatları açıqlanıb.

- Tuba Əşraqi və Məhvəş Mahmudi adlı iki bəhainin cəsədləri bir müddət morqda saxlandıqdan sonra mayın 30-da Xavaran qəbiristanlığında dəfn edilib. Mart ayının əvvəlində Məsud Mömini adlı bir kəşfiyyat məmuru mərhumların meyitlərini morqdan təmizləmək və mərhum bəhailəri Bəhai icmasına məxsus torpaqlarda basdırmaq üçün otuz milyon tümən tələb edib. Deyilən məbləğin ödənilməyəcəyi halda bu iki bəhainin cənazələrinin Xavaran qəbiristanlığında dəfn edəcəkləri ilə bağlı onların qohumlarına hədə-qorxu gəlib. Bu məbləğ ödənilmədiyinə görə də dünyasını dəyişən bəhailərin cənazələri ailələrinə xəbər verilmədən və dini mərasimlər keçirilmədən Xavaran qəbiristanlığında dəfn olunub”, - məlumatda deyilir.

Maraqlıdır ki, Bəhai dininin vətəni İran olsa da, onun davamçıları dünyanın məhz bu ölkəsində ən sərt təqiblərə məruz qalırlar. Dəfələrlə İranın müxtəlif şəhərlərində və kəndlərində yüzlərlə bəhainin ölümünə səbəb olmuş talanlar törədilib, bəhailərə məxsus evlər, dükanlar yandırılıb, qəbirstanlıqlar və ibadət evləri dağıdılıb. Ölkədən çıxmaq imkanı olmayan 350 min bəhai ən elementar insan haqlarından məhrum edilib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   bəhailər  





Xəbər lenti