Nyu-York əhalisinə maska taxmaq bildirildi

   Nyu-York əhalisinə maska taxmaq bildirildi
  08 İyun 2023    Oxunub:910
Kanada meşə yanğınlarının tüstüsü Nyu-York şəhərini bürüdüyü üçün risk altında olan sakinlərə açıq havada maska taxmaları bildirilib.
AzVision.az xəbər verir ki, “The Washington Post” nəşri şəhərin meri Erik Adamsa istinadən məlumat yayıb.

Adams bildirib ki, yaşlı və ya ürək, tənəffüs problemi olanlar çöldə yüksək keyfiyyətli maskalar ​​(N95 və ya KN95) taxsınlar.

Məlumatda qeyd edilib ki, Nyu-Yorkda hava son dərəcə qeyri-sağlamdır. Bütün vətəndaşlara maska ​​taxmaqla yanaşı, çöldə keçirdikləri vaxtları azaltmaq və mümkünsə evdə qalmaq tövsiyə olunub. Təbii yanğınlardan çıxan tüstünün tərkibində ağciyərlərə dərindən nüfuz edən və bir sıra tənəffüs xəstəliklərinə səbəb olan hissəciklər var.

Mütəxəssislərin fikrincə, tüstülü duman Nyu-Yorku daha bir neçə gün qalacaq. Vaşinqtonda da təhlükəli hava çirkliliyi qeydə alınıb.

Qeyd edək ki, Kanada hökuməti 3,3 milyon hektardan çox ərazini bürümüş kütləvi meşə yanğınları ilə mübarizəni davam etdirir. Artıq minlərlə insan təxliyə edilib. Şimali Amerikada tüstü səbəbindən yüksək risk səviyyəsi elan edilib.

Ən güclü yanğınlar Kanadanın Alberta, Kvebek və Yeni Şotlandiya əyalətlərində müşahidə olunur. Yanğının söndürülməsi üçün ordu cəlb edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti