Misirlilərin heykəl qoyduqları pişikləri ruslar aclıqdan yeyirdi - TARİX

 Misirlilərin heykəl qoyduqları pişikləri ruslar aclıqdan yeyirdi -  TARİX
  14 İyun 2023    Oxunub:2834
Təbiətlə daima müharibədəyik, udsaq uduzacağıq. Ancaq məlum məsələdir ki, insanın təbiəti tamamilə məhv etməsi mümkün deyil. Biz onu uzaq başı çikləndirə bilərik. O, isə əksinə həm özünü, həm də bizi “təmizləyəcək".
Məqələmiz təbiətin qisasına, yaxud süni intellektlə təbiət mübarizəsinə həsr olunmayıb. Bu dəfə çalışacağıq çoxumuzun “çimçişdiyi", bit qaynağı hesab etdiyi, hətta tamamilə lazımsız bildiyi pişiklərin təbiətdə yaratdığı balansdan danışaq.

Mən cəmi 3 hadisə haqqında məlumatlıyam, onları nəql edəcəyəm. Amma əminəm ki, hadisələrin sayını, miqyasını çoxaldanlar da olacaq.

Öncəliklə, bütün tarixi, mədəniyyəti, təbiəti, memarlığı və açılmamış sirləri ilə hələ də dünyanı heyran edən Qədim Misirdə pişiklərin mövqeyindən söhbət açacağıq. Bəşəriyyəti heyran qoyan bu sivilizasiyada pişiklər müqəddəs sayılırdı. Pişiklərin təxminən 20 milyon yaşı olduğu təxmin edilir. İlk pişik növlərinin də məhz Afrikada yaranması ehtimal olunur.



Misirdə pişiyin öldürülməsinin cəzası edam idi. Ölkədən pişiyin aparılması və ya ölkədən kənarda kiməsə hədiyyə edilməsi qadağan olunurdu. Əgər bir evdə yanğın baş verərdisə, ev sahibi hər şeydən öncə evin pişiyini xilas etməyə məcbur idi. Bir evdə pişik ölərdisə, ailənin bütün üzvləri dərin hüzürün əlaməti olaraq qaşlarını tamamilə təraş etməyə məcbur idi. Ölən pişiklər mumiyalanır və xüsusi mərasimlərlə dəfn olunurdu. Hətta onların pişiklərə qarşı olan bu zəfliyi və bağlılığı döyüşdə məğlubiyyətə səbəb olmuşdu. Belə ki, Əhəməni imperiyasının başçısı II Kambis misirlilərin bu zəifliyini bildiyi üçün Misiri işğal etməyə gedərkən, qoşunu ilə bərabər xeyli sayda pişik aparmışdı. Misirin ucqar əyalətlərinə öncə pişikləri və başqa heyvanları yerləşdirmişdilər. Hücum zamanı isə başlarının üstünə pişik şəkilləri qaldırmış, həm də əllərində silah olduğu üçün qollarının altında bir ədəd pişik saxlamışdılar. Müqəddəs hesab etdikləri pişiklərin qalxanlar üzərindəki şəklinə və farsların qollarında tutduqları canlı pişiklərə zərər verməkdən çəkinən misirlilər döyüşməkdən imtina etmiş, şəhərləri düşmənə təslim etmişlər. Tarixçilərin qeydlərinə görə, bu qələbədən sonra Əhəməni imperatoru misirliləri alçaltmaq üçün pişiklərin məğlub olan misirlilərin sifətlərinə atılmasını əmr etmişdi.



Pişiklərin bu qədər müqəddəsləşdirilməsinin tam səbəbi bilinməsə də, bəzi arxeoloqlar bunun təxminən 5 min il öncə onların əsas məşğuliyyəti ilə bağlı olduğunu iddia edirlər. Çünki qədim Misirdə təxminən bu dönəmdə pişiklərin əhilləşdirildiyi ehtimal olunur. Əkinçilik ənənələrinin təkmilləşdirilməsi artıq qalan məhsulun anbarlarda yığılmasını tələb edirdi. Bu zaman gəmiricilərin məhsullara xeyli ziyan vurması müşahidə olunurdu. Sonra pişiklərin çox mükəmməl ovçu olduqları kəşf olundu. Artıq yavaş -yavaş pişiklər əhilləşdirilərək, ziyanverici gəmiricilərə qarşı mübarizədə istifadə olundu. Eyni zamanda tanrıların bir jesti hesab olunaraq qorunmağa başlanıldı. Hətta firon da pişikləri müqəddəs elan etdi. Bəzi tanrıları pişik formasında təsvir etdilər. Rəvayətlərə görə, növbəti əsrlərdə fironlardan biri pişiklərin bu hörmətini qısqanmış, onların məhv edilməsi üçün göstəriş vermişdir. Ölkədə yenidən aclıq başlamış, insan tələfatı kəskin artmışdır. Tamamilə yox olmaq təhlükəsi ilə üzləşən misirlilər gəmilərlə qonşu qitələrdən pişiklər gətirməyə məcbur olmuşdular.



İkinci hadisə isə Avropada baş vermişdir. On üçüncü əsrdə dəhşətli vəba epidemiyası bütün Avropada və Orta Şərqdə həyatı iflic vəziyyətinə salmışdı. Səbəbi və çarəsi bilinməyən bu epidemiya Avropada hər üç adamdan birinin ölümü ilə nəticələndi. Virusun həm birələr, həm gəmiricilər, həm də virusa yoluxmuş insanlar vasitəsilə asanlıqla yayıla bilməsi milyonlara insanın həyatına son qoydu.
Məsələnin maraqlı tərəfi yenə pişiklərlə bağlıdır. Bir- biri ilə kəskin ziddiyyətlər təşkil edən kifayət qədər mənbələr mövcuddur. Bəziləri vəbanın belə intensiv yayılmasının səbəbini pişiklərin həmin dövrdə bilərək yox edilməsini göstərir. İddialara görə, dönəmin Papası IX Georgi pişiklərə nifrət etdiyi üçün onların məhvi üçün fətfa verir. Buna sübut kimi onun Almaniya kralı VII Henri və Mainz Baş yepiskopu III Siegfrieda göndərdiyi məktublar göstərilir. İddialara görə papa məhz bu məkubda pişiklərin tamamilə yox edilməsini əmr edir. Bu fərziyyəni dəsdəkləyənlər iddia edirlər ki, papanın əmri ilə pişiklərin kütləvi məhvi vəbanın belə sürətlə artmasına səbəb olub.



Bu fərziyyəni qətiyyətlə inkar edən mənbələr də mövcuddur. Onlarin bəziləri bildirir ki, məktubda pişiklərdən ümumiyyətlə, bəhs edilməyib. Bəziləri də israr edir ki, məktubda çox qısa olaraq qara pişiklərdən danışılıb və onların məhv edilməsi tələb edilmətib. Pişiklərin yeganə siçan ovçuları olmadıqları məlumdur. Bəzi quşlar, itlər də siçan ovlayırlar, amma bu danılmaz həqiqətdir ki, qitədə kifayət qədər pişik olsaydı, epidemiya bu qədər can ala bilməzdi.

Və nəhayət, Sank-Peterburqdakı pişik heykəlləri! Şəhərin Maloy Sadavoy küçəsində Yelisey və Vasilisa adlı pişiklərə xatirə heyykəlləri ucaldılıb. Heykəllərin ucaldılması 1941- ci ildə şəhərin bir ilə yaxın mühasirədə qalması ilə bağlıdır.



Dəhşətli aclıq şaxtalı qış aylarında vəziyyəti daha dözülməz edir. Yavaş-yavaş küçələrdə it və pişiklərin azalıb tamamilə yoxa çıxması müşahidə olunur. Sonradan məlum olur ki, əhali aclıqdan onları tutub yeyirlər. Məhz bu hadisədən sonra şəhərdə siçanlar sürətlə artmağa başlayır. Siçanlar nəinki meyitlərə, hətta diri insanlara da hücum edirlər. Həm ciddi xəsarət yetirirlər, həm də xəstəliklər yaymağa başlayırlar. Onlara qarşı mübarizə üçün xüsusi briqadalar yaradılsa da, heç bir xeyri olmur. Şəhər mühasirədən azad olduqdan sonra, 1943- cü ildə ilk pişik dəstəsi Yaroslavl şəhərindən alınıb gətirilir. Dörd vaqon "Baca pişiyi" cinsi siçanlarla mübarizədə önəmli rol oynasa da onları tamamilə yox etməyə kifayət etmir. Müharibədən sonra əlavə olaraq 5 min "Sibir pişiyi" gətirilir. Yalnız bundan sonra Sank - Peterburqda siçanların kökü tamamilə kəsilir.

Deməli, pişiklər təkcə dekorasiya, bəzək heyvanları deyil, həm də önəmli ölçüdə həyat xilas edən canlılardır.


Ləman Bağdad
AzVision.az


Teqlər: Pişik   Misir  





Xəbər lenti