Qarabağda müharibə necə dayandırıldı?: Paşinyanın Putinə 60 zəngi

   Qarabağda müharibə necə dayandırıldı?:    Paşinyanın Putinə 60 zəngi
  20 İyun 2023    Oxunub:1786
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrini araşdıran komissiyanın iclasında Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların detallarını açıqlayıb.
İlk söhbət oktyabrın 7-də, Paşinyan Putini ad günü münasibətilə təbrik edəndə olub. Daha sonra Rusiya prezidenti atəşkəsin mümkün qədər tez əldə olunması üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib. Paşinyan razılaşb və atəşkəsin şərtləri ilə maraqlanıb.
"Ağdamı verib, Hadrutu almaq istəyirdik" - Azərbaycanın qəbul etmədiyi təklif


"Hesab edirdim ki, bu, ilkin şərt olmadan baş verməlidir, tərəflər öz mövqelərində dayanmalı, bundan sonra qarşılıqlı güzəştlər məsələsini müzakirə etməyə başlamalıyıq. Elə həmin gün məlum oldu ki, Azərbaycan prezidenti İlham Əliyev bununla razılaşmayıb. Ertəsi gün Putinlə Əliyev arasında növbəti söhbət oldu.

İlham Əliyev bildirib ki, Ermənistan tərəfinin Füzulini təslim etməsini və Araz boyu ərazilərədn qoşunların Xudafərin su anbarına qədər çıxarılmasını gözləyir. Azərbaycanın suvarma üçün su çəkmək imkanı olmalı idi. Bundan başqa, Azərbaycan prezidenti israrla Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasını istəyirdi. Bakı buna cavab olaraq əsir düşənləri qaytarmağa hazır idi. Ancaq bütün bunlar yalnız humanitar atəşkəsin təmin edilməsi üçün idi, hərbi əməliyyatların dayandırılması hesab oluna bilməzdi.

Mən ilkin şərtlərin qəbuledilməz olduğunu bildirdim. Çünki Rusiya prezidenti ilə ilkin şərt olmadan atəşkəs barədə razılığa gəlmişdik. Və mən qoşunların çıxarılmasına razılaşsam belə, Azərbaycanın hücumu davam etdirməyəcəyinə dair heç bir təminat yox idi", - Paşinyan danışıq prosesini açıqlayıb.

Ermənistanın baş naziri Xudafərin su anbarından birgə istifadənin mümkünlüyünü, Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlərin müqabilində qaytarılmasının da danışıqlar mövzusu ola biləcəyini istisna etməyib. Lakin Füzulinin təhvil verilməsini və qoşunların çıxarılmasını qəbuledilməz adlandırıb.

Növbəti söhbət zamanı Putin bildirib ki, Azərbaycan oktyabrın 9-dan 10-na keçən gecə humanitar atəşkəs imzalamağa hazırdır. Bunun müzakirəsi üçün Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri Moskvaya dəvət edilib. Görüş oktyabrın 10-da səhər saatlarında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutub. Bundan sonra BQXK-nın vasitəçiliyi ilə əsirlərin və ölənlərin nəşlərinin dəyişdirilməsi üçün humanitar atəşkəs elan olunub. Ancaq sonra müharibə davam edib.

"Biz təmas xəttinin hər iki tərəfində rusiyalı müşahidəçilərin yerləşdirilməsi variantını nəzərdən keçirirdik. Azərbaycan isə hərbi əməliyyatların intensivliyini artırmaqla bunun qarşısını aldı".

Sonrakı günlərdə baş nazirin Rusiya prezidenti ilə daha bir neçə söhbəti baş tutub.

"2020-ci il oktyabrın 13-də ilk dəfə Rusiya Federasiyasının prezidentinə müharibəni dayandırmaq üçün nə etməli olduğumu soruşdum. Eyni mövzuda daha uzun söhbət oktyabrın 16-da baş tutub.

Rusiya prezidenti bildirdi ki, 5 rayonun qaytarılması müqabilində, heç bir status dəqiqliyi olmadan müharibənin başa çatmasından danışmaq mümkündür”, - Paşinyan deyib.

Oktyabrın 17-də Fransa prezidenti Emmanuel Makron təşəbbüslə çıxış edərək Azərbaycan prezidentinin oktyabrın 18-i saat 00:00-dan etibarən heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razılıq verdiyini deyib. Oktyabrın 17-də axşam saatlarında bu barədə məlumat yayılıb.

"Lakin Azərbaycan hərbi əməliyyatları dayandırmadı. Oktyabrın 19-da günortadan sonra Putinlə danışdım. Putin qeyd etdi ki, Rusiyanın uzun illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmaq mümkündür. Şərt isə belə idi - 5+2 formatında 7 rayon qaytarılır, Laçın dəhlizi ilə Ermənistanla Qarabağ arasında əlaqə məsələsi həll edilir, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir, lakin status qeyri-müəyyən olaraq qalır".

Ermənistanın baş naziri həmin gün axşam saatlarında mövqeyini bildirəcəyini açıqlayıb. Söhbətdən sonra o, parlament və parlamentdənkənar qüvvələrin nümayəndələrini dəvət edib, daha sonra Ermənistan prezidentinin və bütün ermənilərin katolikosunun iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib.

"Orada dedim ki, Rusiya prezidentinə zəng vurub təklif olunan variantı qəbul etdiyimi deməyə hazırlaşıram. Dəvət olunanlardan birinin bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirdim, yalnız baş verənlər barədə onları məlumatlandırdım", - Paşinyan bildirib.

Axşam Putinə zəng edərək bu şərtlərlə müharibəni dayandırmağa hazır olduğunu deyib. O zaman iki rayon - Füzuli və Cəbrayıl faktiki olaraq tamamilə Bakının nəzarətində olub.

Oktyabrın 20-də Putin İlham Əliyevlə söhbətindən sonra Paşinyana bildirib ki, Azərbaycan müharibəni dayandırmağa hazırdır, lakin qalan bütün rayonların geri qaytarılmasını tələb edir. Bundan başqa, azərbaycanlı qaçqınların Şuşaya qayıtması, Azərbaycanın Naxçıvanla əlaqəsi dəhlizinin açılması üçün Mehridə Rusiya sülhməramlılarının yerləşdirilməsi təmin olunmalı idi. Ancaq Ermənistanın baş naziri bundan imtina edib.

"Oktyabrın 26-dan etibarən atəşkəs üçün Amerika vasitəçiliyi də nəticə vermədi. Azərbaycan hücumu davam etdirdi, Şuşa onların əsas hədəfi idi".

Nəticədə 2020-ci il noyabrın 6-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı üzrə danışıqlar başlayıb və sənədin özü isə noyabrın 9-u imzalanıb.

Qeyd: 2020-ci il noyabrın 8-9-da Paşinyanla Putin arasında 20-yə yaxın, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı olub.


Paşinyan kapitulyasiyanın detallarını açıqladı


Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Qarabağ   müharibə  



Xəbər lenti