Paşinyan kapitulyasiyanın detallarını açıqladı

  Paşinyan kapitulyasiyanın detallarını açıqladı
  20 İyun 2023    Oxunub:2556
"9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri Şuşanın itirilməsi olub".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə komissiyanın iclası zamanı deyib.

"Niyə mən noyabrın 9-da üçtərəfli bəyanatı imzaladım.Təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada təkcə şəhərin simvolik əhəmiyyəti yox, strateji əhəmiyyəti də vacib idi", - Paşinyan bildirib.
"Ağdamı verib, Hadrutu almaq istəyirdik" - Azərbaycanın qəbul etmədiyi təklif


O, əlavə edib :"Şuşanın süqutundan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alına bilərdi".

Baş nazir qeyd edib ki, noyabrın 9-u müharibəni dayandırmaq üçün beşinci cəhd olub. Bu barədə ilk söhbət oktyabrın 7-də Paşinyan zəng edərək Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edəndə baş tutub. Putin o zaman qeyd edib ki, o, Paşinyanın kompromislərə hazır olduğunu bəyan etməsi ilə bağlı müsahibədəki açıqlamasını vacib hesab edir.

"Və bu fürsətdən istifadə edərək, o, mümkün qədər tez atəşkəs əldə etmək üçün vasitəçilik səyləri göstərmək istəyir", - Paşinyan həmin söhbətin təfərrüatlarını təqdim edib.

Baş nazir ermənilərin Şuşanı saxlamaq imkanının olması ilə bağlı ittihamlarına da cavab verib. Onun sözlərinə görə, oktyabrın 19-da Rusiya prezidenti Paşinyana Azərbaycan tərəfinin yeni tələbi - şəhərin azərbaycanlı əhalisinin geri qayıtmasına zəmanət verilməsi barədə məlumatı çatdırıb.

“Rusiya tərəfi üçün bu təklif başa düşüləndir, çünki illər əvvəl danışıqlar masası üzərində olan nizamlanmanın rus variantında qaçqın və köçkünlər məsələsi nəzərdən keçirilirdi".

Beləliklə, Paşinyan bildirib ki, Şuşa məsələsi həmişə danışıqlar masasında müzakirə olunub və əhalisinin 90%- i azəbaycanlılar olan şəhəri erməni şəhəri adlandırmaq mümkün deyil.

Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti qaçqınların geri qaytarılması məsələsini Qarabağın statusu ilə əlaqələndirməyi təklif edib.

"Mən bununla razılaşdım, lakin Azərbaycan tərəfi əvvəlki kimi bundan imtina etdi və statusla bağlı hər hansı məsələni müzakirə etməyə hazır olmadığını qeyd etdi", - baş nazir bildirib.

Paşinyan əminliklə qeyd edib ki, o zamankı vəziyyətə görə Şuşa bütün azərbaycanlılar üçün əlçatan olmalı idi.

"Üstəlik, Şuşa Azərbaycanla birləşdirən yeni yolun çəkilməsi təklif olundu ki, onlar Laçın dəhlizi ilə getməsinlər".

Baş nazirin sözlərinə görə, oktyabrın 19-da müharibənin dayandırılması üçün daha bir əlavə tələb irəli sürülüb.

"Söhbət xüsusilə Qarabağda və Laçın dəhlizində deyil, həm də Mehri Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlıların yerləşdirilməsindən gedir. Bununla razılaşmadım. Çünki ölkə daxilində dəhlizin olmasını qəbuledilməz hesab edirdim və yolun açılmasının əleyhinə deyildim".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Paşinyan   Kapitulyasiya  





Xəbər lenti