Xaçaturyan ailəsi ilə əlaqə saxlayıb

   Xaçaturyan ailəsi ilə əlaqə saxlayıb
  30 İyul 2023    Oxunub:2169
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç ailəsi ilə əlaqə saxlayıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Təşkilat bildirir ki, Xaçaturyana baş çəkilib və saxlanılan erməni həkim müayinəsindən keçib. Həmçinin ona ailəsi ilə də əlaqə saxlamaq imkanı verilib.

Qeyd edək ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.

Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Şahanə Rəhimli


Teqlər:



Xəbər lenti