Bir həştəqin izi ilə

//Qızlar mütləq oxusun!

Bir həştəqin izi ilə
  31 İyul 2023    Oxunub:1024
Bu günlərdə sosial mediada çox populyar bir həştəq yayılır - #qızlaroxusun. Hər dəfə bunu və ona uyğun paylaşılan fikirləri görəndə çox sevinirəm. Uzun illər stereotiplərlə yaşayan və tərbiyə alan cəmiyyətimiz, nəhayət, onları sındırmağa qalxıb. Qızların təhsil almasının, dünyagörüşünün genişlənməsinin vacib olduğunu dərk etməyə başlayıb.
Yəqin bir çox qadınlar hələ kiçik yaşlarından öz ailələrində psixoloji basqı, ayrıseçkilik yaşayıb. Bunu etiraf etmək çətin olsa da həqiqəti danmaq mümkün deyil. Bir çoxları məhz qız doğulduğu üçün evdə sanki “ikinci sort” uşaq, “əlavə xərc mənbəyi”, heç bir hüququ olmayan canlı kimi yanaşmalara alışıq tərzdə böyüyüb. Əksər azərbaycanlı ailələrində qız uşaqları arzuolunmaz idi və hətta buna görə ailələr dağılır, ailə başçıları evlərini tərk edirdi və s. Belə düşüncə və yanaşmalarla dünyaya qız övladı gətirən ailələr sonradan onların təhsili barədə heç düşünməzdilər. Bütün işlərdə, planlarda olduğu kimi, oğlanlarının təhsilinə üstünlük verərdilər.

Artıq bu stereotiplər tarixə qovuşur. Bunun həm tibbi-sosial, həm də mənəvi-psixoloji təsirlərdən qaynaqlandığını düşünürəm. Səbəb nə olursa olsun, qız övladına münasibətin dəyişməsini ancaq alqışlamaq olar. Valideynlər artıq onların təhsil alması ilə həyatlarını sığortalamış olduqlarını dərk edir, qızların həyat şərtlərini asanlaşdırmağa üstünlük verirlər. Qadınların təhsili ilə bağlı söhbət düşəndə hər zaman dahi şəxsiyyət, messenat Hacı Zeynalabdin Tağıyevin məşhur deyimini xatırlayıram: “Bir oğlana təhsil vermək savadlı bir insan yetişdirməkdir, bir qıza təhsil vermək savadlı bir ailə yetişdirməkdir”. Bu cümlənin çox dərin təsiri var. İstəsək də, istəməsək də evdə uşaqlarla daha çox analar, qadınlar məşğul olurlar. Onların savadlı olması övladlarının tərbiyəsinə, dünyagörüşünə, davranışlarına, psixologiyasına təsir edir. Özü müsbət tərəflərini gördüyü üçün ana övladının da təhsilli, cəmiyyətə faydalı olmasını təlqin edəcək. Doğrudan da bir qızın təhsil alması bir ailənin gələcəyini sığortalamağa imkan verir.

Bu gün populyar olan #qızlaroxusun bu mənada çox dəyərlidi, faydalıdı. İstifadəçilər onu daha da genişləndirərək hər kəsin qoşula biləcəyi bir kampaniyaya çevirməyə çalışırlar. Onlardan biri təhsil almaq istəyən, lakin buna maddi imkanı çatmayan qızlara təqaüd vermək qərarına gəlib. Bu addım digər şəxslərin də həmin təşəbbüsə qoşulmasına təkan olub. Beləliklə, ayrılan aylıq təqaüdün məbləği artıb.
Sosial şəbəkələr vasitəsilə bu qəbildən olan qızlara hər hansı formada maddi dəstək olmağa çalışan insanlarımızın sayının artdığını da müşahidə edirəm. “Qızdı, oxumasa da olar”, “qız oxuyub nə edəcək ki?” kimi stereotiplərin dağıdılması, qızların beynəlxalq olimpiadalara qoşulması, xarici ölkələrdə nüfuzlu universitetlərdə təhsil alması sevindiricidi. Bu günlərdə yekunlaşana “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında qadınları görmək də qürurvericidir.
Qızlarımızın təhsil sahəsində uğurlarını Dövlət İmtahan Mərkəzinin statistik təhlilləri də təsdiq edir. Son 3 ilin statistikası göstərir ki, ali məktəbə sənəd verən abituriyentlərin sırasında oğlanlar üstünlük təşkil edir. Lakin universitetlərə qəbul olunanların sayında qızlar üstündür. Onların sayı da ilbəil artır. Əgər 2020-ci ildə ali mətkəbə qəbul olan qızların sayı 19 min 341 nəfər olubsa, 2021-ci ildə bu rəqəm 20 min 043 nəfər, 2022-ci ildə isə 23 min 139 nəfər olub. Bütün illərdə faiz nisbəti ilə universiteti qazanan qızlar oğlanlarla müqayisədə mütləq üstünlük qazanıb.

Statistikadan o da məlum olur ki, qızlar daha çox humanitar elmlər və tibb sahəsində təhsil almağa meyl edirlər. Belə ki, 2022-ci ildə ali məktəbə III qrup üzrə sənəd verən abituriyentlərin 75,06%-i, IV qrupda isə 74, 96%-i qızlar olub. Bəlkə də burada stereotiplərin izləri qalır. Ancaq bütün hallarda qız övladlarının ali təhsilə yönləndirilməsi, bu yolda onlara dəstək göstərilməsi ardıcıl xarakter alıb. Bu işdə qeyri-hökumət təşkilatları və medianın rolu da danılmazdır. Bir çox problemlərin həlli düşüncəyə bağlı olduğundan uzun zaman tələb edir. Qızlara münasibətdə məhz düşüncələrin, yanaşmaların dəyişməsində adıçəkilən sahələrin cəmiyyətə fəal və yümşaq müdaxiləsinə ciddi ehtiyac duyulur. Sadalanan statistikanı əldə bayraq edib bütün problemlərin həll olunduğunu düşünmək də yanlışdı. Hələ də regionlarda, ucqar kəndlərdə qız övladlarına münasibətdə ayrıseçkiliyin mövcudluğunu inkar edə bilmərik. Bir sıra kəndlərdə məktəblərin olmaması nəinki qızları, oğlanları da təhsildən, o cümlədən cəmiyyətdən uzaq salır. Təhsil olmayan yerdə isə digər daha ağır problemlər – erkən nikahlar, əməyin istismarı, küçəyə atılan uşaqlar, qadınlar, sadə və zəruri insan haqlarının təmin olunmaması ortaya çıxır. Əlbəttə, yalnız məktəb açmaqla, təhsillə bütün sadalanan problemləri aradan qaldırmaq mümkün deyil. Ancaq qızların ayaqda qalmasına, cəmiyyətin onlara münasibətinin dəyişməsinə təhsil mühüm təkandır.

Ona görə də qızlar mütləq oxusun!

Fərqanə Allahverdiqızı
AzVision.az



Teqlər: Təhsil  



Xəbər lenti