"İranda Fəridin müdafiəsi üçün vəkillər fantakstik məbləğ istəyirlər"

  "İranda Fəridin müdafiəsi üçün vəkillər fantakstik məbləğ istəyirlər"
  02 Avqust 2023    Oxunub:2341
İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin məhkəmə araşdırması yekunlaşmaq üzrədir.
AzVision.az xəbər verir ki, bu barədə Fəridin anası Dilarə Əsgərova Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, dünən oğlu ilə danışıb və avqustun 3-nə qədər ona məhkəmədən son söz üçün vaxt verilib:

"Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırlar".

D.Əsgərova qeyd edib ki, təkcə Fəridin telefon zənglərinə cavab verməyinə görə 5000 dollar məbləğ istəyirlər.

"Bu, prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğdir. Hələ minnət qoyurlar öz azərbaycanlımızsan. Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik də mənim bu məbləği ödəməyə imkanım yoxdur. Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmiriksə, Azərbaycandan bir vəkili onunla əlaqələndirək. İki vəkil canla başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini bildiriblər. Lakin Ayərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildiriblər".

Fərid çox gərgin danışdığını deyən anası hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmamasının, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsinin onu çox narahat etdiyini qeyd edib.

"Hər yerdən əlim üzüldüyü üçün özüm bəzi məsləhətlər verdim, məsələn Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım altına yaz başa düşmürəm qol çək və sair”.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Fərid  



Xəbər lenti