Azərbaycanın Bayraktarları çoxalır: Hərbçilərimizə yaxın olan Türk generallar

      Azərbaycanın Bayraktarları çoxalır:    Hərbçilərimizə yaxın olan Türk generallar
  04 Avqust 2023    Oxunub:1164
Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də keçirilən iclasında qərar qəbul olunub. Qərarla Türkiyə Silahlı Qüvvələrinin 31-ci Baş Qərargah rəisi ordu generalı Metin Gürak olub. Metin Gürak 1981-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1982-ci ildə Artilleriya Məktəbini bitirib. 1985-ci ildə Ordu Aviasiya Məktəbini bitirərək pilot ixtisasına yiyələnən Gürak 1990-cı ildə Türkiyə Hərbi Akademiyasını, 1996-cı ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.



Müxtəlif bölük və qərargahlarda xidmət etdikdən sonra Gürak 2006-cı ildə briqada generalı, 2010-cu ildə general-mayor, 2015-ci ildə isə general-leytenant rütbələrinə yüksəlib. 2017-ci ilin avqust ayından Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisi vəzifəsini icra edib. Zerrin Gürakla evli olan general Gürakın iki övladı və bir nəvəsi var. O ingilis və ərəb dillərində sərbəst danışa bilir.



Türkiyə Ordusunda dəyişiklik: Qərargah rəisi və ilk qadın admiral təyin edildi
Onun Azərbaycanla da çox sıx əlaqələri var. Belə ki, Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası zamanı Bakıya məhz Metin Gürak gəlmişdi. Həmin iclas 2019-cu ildə baş tutmuşdu və diqqət mərkəzində iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər idi.



Türkiyə Quru Qoşunlarının yeni komandanı Selçuk Bayraktaroğlu isə 2021-ci ildə Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq iclası üçün Bakıya gəlmişdi. Bu generalın Azərbaycan hərbçiləri son görüşü deyildi. Həmin ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələr Komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşmüşdü.



Mətbuatda yayılan xəbərlərdən məlum olur ki, Türkiyə Quru Qoşunlarının yeni komandanı Selçuk Bayraktaroğlu Azərbaycan hərbçilərinin təlim və peşəkarlığının artırılması istiqamətidə keçirilən bir çox tədbirlərdə şəxsən iştirak edib.



Digər maraqlı nüans soyadla bağlıdır. Belə ki, Azərbaycanın hərbi rəhbərliyinə yaxın olan Bayraktalar çoxalır. Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar. Selçuk Bayraktarın hazırladığı “Bayraktar TB2” təkcə Azərbaycanın Vətən müharibəsi üçün deyil, dünyanın hərb sənayesi üçün yeni bir səhifə açdı. Ümumilikdə Qarabağ savaşında qələbənin qazanılmasında PUA-ların müstəsna xidmətləri oldu. Ona görə də, Azərbaycan prezidenti İlham Əliyev Selçuk Bayraktarı ”Qarabağ” ordeni ilə təltif etdi.



Selçuk Bayraktar 2000-ci ildə İstanbul Texniki Universitetini Elektronika ixtisası üzrə bitirib. Sonralar Pensilvaniya Universitetinin magistrantı və Massaçusets Texnologiya İnstitutunun doktorantı olub. 2015-ci ildə BayraktarTB2-nin təqdimatını keçirib. Sonralar silah istehsalçıları və alıcılarının diqqətini cəlb edən bu dron 7 km hündürlükdə 24 saat uçuş müddətinə malikdir. Gövdəsində 50 -60 kq bomba daşıya və 150 km məsafəyə uçuş edə bilir. Bu dronlar Türkiyənin PKK-ya qarşı apardığı mübarizəsində, həmçinin sonralar Liviya və Suriyada müharibələrdə ciddi uğurlar qazandı. Bayraktar TB2 dron sürüləri ən məşhur hava hücumu silahlarından, zenit qurğularından yayınaraq vacib hədəflərə dəqiq zərbələr endirə bilir.

AzVision.az




Teqlər:   Türkiyə   Ordu  



Xəbər lenti