"Ağır stress keçirib xəstəxanaya düşdüm"- Əsir Hüseynin anası

 "Ağır stress keçirib xəstəxanaya düşdüm"-   Əsir Hüseynin anası
  08 Avqust 2023    Oxunub:1457
“Axır ki, BQXK mənə qarşı insaflı davrandı. 4 aydan sonra balamı mənə göstərdi”.
"Videozəngli danışığımızı çəkib sonra tez-tez baxıram" - Əsir Aqşinin anası
AzVision.az xəbər verir ki, bunu Ermənistanda əsirlikdə saxlanılan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. Oğlu ilə dünən videozəng vasitəsi ilə danışan ana övlad dərdindən xəstəxanaya düşdüyünü bildirib.

“Ağır stress keçirdim deyə xəstəxanaya yerləşdirdilər. Hüseynin 4 aydan sonra üzünü gördüm, danışdım. Bu məni bir az rahatlaşdırdı. Başımı elə itirdim ki, oğlumdan xəstəxanada olduğumu da gizlədə bilmədim.

Ürəyim dolu idi, ancaq mən danışdım. Hüseyn isə elə bircə onu deyirdi ki, “ana, ağlama, sağal, mənimlə maraqlan”.

Məni sakitləşdirməyə çalışırdı, deyirdi,"mən gülürəm, sən də gül. Gör mən heç ağlayıram". Dedim, bala , yalandan gülürsən də. Gözləri doldu.

Dünəndən xeyli özümə gəlmişəm. Axır ki, BQXK mənə qarşı da insaflı davrandı. 4 aydan sonra balamı göstərdi".



Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib” və 20 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   HüseynAxundov  



Xəbər lenti