"Allah məni əziz adamıma da möhtac etməsin" - Rasim Balayevin ən böyük arzusu

"Allah məni əziz adamıma da möhtac etməsin" - Rasim Balayevin ən böyük arzusu
  08 Avqust 2023    Oxunub:2228
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Aktyor 75 yaşını qeyd edir. Bu münasibətlə sənətkarı təbrik etdik və özəl gününün təəəssüratlarını öyrəndik.
- Rasim müəllim, sizi təbrik edirəm. Yeni yaşda qəlbinizdə hansı hisslər tüğyan edir?

- Çox sağ olun. Yavaş -yavaş qocalırıq da özümüz üçün. Hər halda bu hisslərdə xalq məhəbbəti və dövlətimizin başçısının diqqəti var. Bunların hamısı qürur verir. Biz xalqımız qarşısında yaxşı kinolar çəkməyə borcluyuq. Arzu edirəm ki, bu borcu biz ləyaqətlə qaytaraq.

- “75” bir igidin ömrüdür. Adətən xalq arasında deyirlər ki,” yaş kişinin var-dövlətidir. Siz nə düşünürsünüz bu haqda?

- Vallah mənim o qədər var-dövlətim yoxdur. Kim istəyirsə, ona qismət etsin.
Mən 75 yaşımda yüngülvari dolanışıq üçün maddiyat istəyirəm. Şükür ki, o da var. Arzularım başqadır. Diləyim budur ki, Allah məni ölən günə kimi heç kimə, hətta ən əziz adamıma da möhtac etməsin. Özüm-özümü idarə edə bilim.

Son illərim bir az boş keçdi. Arzu edirəm ki, bir neçə yaxşı obraz yaradım. Bunun üçünsə can sağlığı lazımdır. Can sağlam olmasa, adam heç nə edə bilmir.

- Rasim müəllim hazırda özünü hansı obrazda görür?

-75 yaşlı Nurani kişinin obrazını canlandırmaq istəyərdim.

- Əvvəllər insanlar aktyorlara məktub yazırdı, küçədə görəndə yaxınlaşıb ürək sözlərini deyirdilər. Yaraşıqlı aktyorlara xanımlar xüsusən diqqət ayırırdı. Siz də belə sənətkarlardan olmusnuz. Həmin sevgini indi də görə bilirsinizmi?

- Deməzdim ki, mənə sevgi azalıb. İnsanlar çox yaxınlaşırlar. Xalqın həmişə içindəyəm. Ona görə tamaşaçı qarşısında özümü borclu hiss edirəm.

- Bu gün Prezident İlham Əliyevlə görüşmüsünüz. Görüş necə keçdi?

- Dövlət başçısı ilə hər şeydən danışdıq.Təbrik etdi. İstiqlal ordenini təqdim etdi. Sağ olsun, bu qədər işin içində mənə vaxt tapdı. Bu, böyük şeydir.

-Bu gün sizi kim təbrik etsə, ürəyinizin sarı simi tərpənər?

- Dostlar, tanışlar, hər kəs elə gözəl sözlər deyir ki, ürəyimin sarı simi tərpənir.

-Dövlətdə dəvə, övlatda nəvə. Nəvələr sizi necə təbrik etdi?

- Onlar şəhərdə, mən isə Şüvəlanda qalıram.Yatmağa hazırlaşırdım ki, gecə saat 12-də qapı açıldı, nəvələr, uşaqlar içəri girdilər. Tort kəsdilər, şam yandırdılar. Nəvə təbriki ayrı daddır, ləzətdir.





Prezident Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib - FOTOLAR

Prezident Rasim Balayev və Yuli Qusmanı təltif etdi

Şahanə Rəhimli
AzVision.az


Teqlər: RasimBalayev   Aktyor    



Xəbər lenti