Ana bağça rəhbərliyindən 15 min pul istəyib? - Video

   Ana bağça rəhbərliyindən 15 min pul istəyib? -    Video
  11 Avqust 2023    Oxunub:2239
Bakıda yerləşən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.
AzVision.az xəbər verir ki, uşaq tezliklə tapılaraq bağça rəhbərliyi tərəfindən valideynə məlumat verilib. Tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb, nəzarət tədbirləri artırılıb.

Hadisədən sonra sosial şəbəkələrdə uşağın anası Jalə Abdulovanın səs yazısı yayılıb. İddiaya əsasən, qadın bağça rəhbərliyindən pul istəyib.

Belə ki, yayılan məlumata görə, baş verənlərdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib.

Uşaq bağçası da məsələyə aydınlıq gətirib: "339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınıb. Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb. Operativ olaraq məsələ araşdırılmış və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb.

Həmçinin valideynə məlumat verilib və onunla söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməyib, qanunsuz tələblərlə çıxış edib.

Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb".

Ana "Qafqazinfo"ya açıqlamasında övladının yarım saat çöldə nəzarətsiz qaldığını bildirib:

“Mən 5-ə qalmış gəlib bağçaya çatmışam. Lakin uşaq 5-ə 25-dəqiqə işləmiş bağçadan çıxıb. 4 yaşlı övladım təxminən yarım saat çöldə nəzarətsiz qalıb. Bağçanın videokamerasına düşən görüntülər də var. Müəllimlər həyətdə oturublar, uşaq isə çöldə dəfələrlə yolu keçir. Mən onlardan pul istəməmişəm, demişəm ki, burada davam edə bilmərik. Onlara bildirdim ki, gedin özəl bağça ilə danışın və övladımı ora yerləşdirin. Dəfələrlə də dedim ki, mənə pul lazım deyil. Rüsum nədirsə bağçaya ödəsinlər”.



AzVision.az


Teqlər:



Xəbər lenti