"17 ildir ki, aliment ala bilmirəm, polis işimizə baxmaq istəmir " - Şikayət

   "17 ildir ki, aliment ala bilmirəm,    polis işimizə baxmaq istəmir " - Şikayət
  27 Sentyabr 2023    Oxunub:3363
Bakı şəhər sakini Lamiyə Əliyeva Bəşir qızı 17 ildir ayrıldığı həyat yoldaşından qız övladı üçün aliment ala bilmir. O, bununla bağlı saytımıza məktubla müraciət edib.
AzVision.az Lamiyə xanımın şikayət məktubunu təqdim edir:

"2005- ci il tarixində Axundov Rauf Tarif oğlu ilə qanuni və rəsmi dövlət nikahına daxil oldum. Eyni nikahdan bir övladımız dünyaya gəldi. (Axundova Xədicə Rauf qızı). Raufun əyyaşlığı, oğurluq etməsi və narkomanlığı üzündən ailəmiz cəmi 3 il davam gətirdi. 2008 - ci il tarixində qanunu və rəsmi qaydada məhkəmə yolu ilə Axundov Rauf Tarif oğlundan boşandım. Məhkəmənin verdiyi qanuna əsasən Axundov Rauf Tarif oğlu hər ay vaxtı-vaxtında ailment ödəməli idi. Amma Axundov Rauf Tarif oğlu mənə cəmi 2 ay pul ödədi. Sonra qeyb oldu. Bir dəfə də olsun övladını arayıb axtarmadı.

Keçmiş həyat yoldaşım nəinki məni ailment pulundan məhrum etdi, hətta mənə və övladıma düşən ev payını bizə vermədi. O, evdən çıxıb gedərkən mənə məxsus olan bütün qızıl və zinət əşyalarını oğurlayıb özü ilə apardı. 17-ildir ki, mən qız övladımı tək böyüdürəm. Heç bir yerdən gəlirim və köməyim yoxdur.

Əvvələr günə muzdlu işlərdə çalışsam da indi səhətimlə əlaqədar bu işlərə gedə bilmirəm. Övladım unversitetə qəbul olunduğu üçün onun maddi xərcləri daha da artıb. Elə günlər olur ki, mənim çörək almağa və nəqliyyata minməyə pulum olmur.

Elə bu səbəbdən də qərar verdim ki, keçmiş ərimdən indiyə qədər yığılıb qalmış bütün ailment pullarının cəmini qanuni yolla onda tələb edim. Ona görə də mən aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət etdim. Hal-hazırda mənim şikayətimə Binəqədi rayon İcra şöbəsinin icraçısı Ruslan Məmmədov nəzarət edir. Mən özüm Ruslan Məmmədovun qəbulunda olub izahatımı yazmışam.

Amma keçmiş həyat yoldaşım Ruslan Məmmədovun çağırışına məhəl qoymayıb. İcra şöbəsinə gəlib izahat verməkdən imtina edib. Bu səbəbdən də icraçı Ruslan Məmmədov onu polis axtarışına verib. Amma təssüflər olsun ki, bütün cinayətləri tez bir zamanda ifşa edən Azərbaycan polisi ünvanı, mobil nömrəsi, adı soyadı, pasport qeydiyyatı bəlli olan keçmiş həyat yoldaşımı nədənsə tapmaq istəmir.

Mən bir Azərbaycan qadını və vətəndaşı olaraq öz qanuni hüquqlarımı tələb edirəm. Mən heç kəsdən borc, kredit, hədiyyə, yardım istəmirəm. Sadəcə qanuni qaydada mənə düşən ailmenti tələb edirəm və istəyirəm ki, adiyyəti üzrə orqan və qurumlar mənim şikayətimə ciddi və məsuliyyətli yanaşsınlar".









AzVision.az


Teqlər:





Xəbər lenti