"Yenilənmiş Xidmətlər Zərfi xəstəxanalara axını artıracaq" - TƏBİB sədri

"Ümumiyyətlə, xüsusi olaraq vurğulamaq istəyirəm ki, əvvəllər mürəkkəb əməliyyatları biz özəl tibb müəssisələrinə göndəriş etməklə icra edirdik, amma artıq əməkhaqqı sistemində aparılan islahatlar, xarici ölkələrdə təhsil almış və çalışmış həkimlərin tibb müəssisələrimizə cəlb olunması hesabına əlavə və dəyişikliklərdən öncəki 2550 tibbi xidmətin hamısını təqdim edə bilirik. Xidmətlər Zərfinə yeni daxil olan tibbi xidmətləri, çətin əməliyyatları da icra edə bilmək üçün əlimizdən gələni edirik. Məsələn, hazırda Yeni Klinikada orqan köçürülməsi, süni mayalanma, mürəkkəb fizioterapiya əməliyyatları, robotik cərrahiyyənin icrasını planlaşdırırıq".
V.Qurbanov qeyd edib ki, bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür.
"Xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq. Məsələn, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir, təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar".
Aytən Zəhra
AzVision.az
Teqlər: