"Xoşbəxt neft elminin axırıncı mogikanlarından idi" - AMEA prezidenti

   "Xoşbəxt neft elminin axırıncı mogikanlarından idi" -    AMEA prezidenti
  04 Oktyabr 2023    Oxunub:1623
"Akademik Xoşbəxt Yusifzadənin ölümü ilə Azərbaycan ictimaiyyətinə çox ağır bir itki üz verib. Xoşbəxt Yusifzadə həm Azərbaycan neft dünyasının əfasənisi, həm də neft elminin axırıncı mogikanlarından idi".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, Xoşbəxt Yusifzadənin həm neft sənayesinin, həm də Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub.

"Böyük məktəb yaradıb, parlaq şəxsiyyətlər yetişdirib. Aramızda nazik yumorla zarafat da var idi. Zəngin mənəviyyata malik insan idi. Səməd Vurğunun "Vaqif" dramını əzbər bilirdi. "Molla Nəsrəddin" lətifələrini çox sevirdi və yeri gələndə onlardan istifadə edirdi. Özü də Molla Nəsrəddin müdrikliyinə malik insan idi. Hesab edirəm ki, onun məktəbini, ənənələrini yetirmələri davam etdirəcək".

Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir. O, Birinci Fəxri xiyabanda dəfn olunacaq.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti