Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində fəaliyyəti Azərbaycanı qalib dövlət olaraq tarixə həkk etdirdi- RƏY
Son 20 il və ordu quruculuğu prosesi
Azərbaycan Respublikasının hərbi təhsil sahəsində Türkiyə ilə sıx əməkdaşlıq etdiyi heç kimə sirr deyil. Təsadüfi deyil ki, Azərbaycan Türkiyə Silahlı Qüvvələri tərəfindən təlim keçən ölkələr arasında birinci yerdədir. Bu sahədə hələ müstəqilliyimizin ilk dövründə - 1992-ci ildə avqustun 11-də “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalansa da kifayət qədər icra olunmadı. Sonra Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi təməl prinsip kimi götürülərək 1996-cı il iyunun 10-da “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” imzalandı. Həmin razılaşma çərçivəsində bu günə qədər Türkiyənin hərbi-təhsil müəssisələrində 5 mindən artıq azərbaycanlı hərbçi təhsil alıb və həmin proses mütəmadi davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyəyə azərbaycanlı hərbi qulluqçular göndərilir. Bundan əlavə, Silahlı Qüvvələrimizin şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin hər il keçirdiyi hərbi təlimlərə həm müşahidəçi kimi dəvət olunur, həm də iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər icra edilir. Əlbəttə, hərbi təhsil sahəsində əməkdaşlıq öz bəhrələrini verməyə bilməzdi. 2016-cı il Aprel, eləcədə sonralar Tovuz döyüşlərində və nəhayət, 44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı ilə seçilən əsas zabit heyəti də məhz müxtəlif zamanlarda həm Türkiyənin hərbi məktəblərində bilik və bacarıqlarını təkmilləşdirmiş, həm də mütəmadi ardıcıllıqla keçirilən təlimlərdə iştirak etmişdilər.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının ən yeni və dinamik mərhələsi 2010-cu il sentyabrın 15-də Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı müqavilənin imzalanması oldu. Müqavilənin müddəalarının birinə görə ölkələrdən hər hansı biri hərbi müdaxiləyə məruz qalarsa, digər ölkə bütün imkanlarını istifadə edərək hücuma məruz qalan ölkəni dəstəkləyəcək. Həmin müqaviləni, faktiki olaraq, iki qardaş ölkə arasında imzalanmış ilk hərbi ittifaq müqaviləsi kimi də qiymətləndirmək olar. Daha sonra növbəti addım iki dövlət arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək idi. 2017-ci il oktyabrın 31-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Həmin vaxtdan etibarən hər iki ölkənin müvafiq orqanları, eləcə də müdafiə sənayesinə aid müəssisə və təşkilatlar arasında qardaşlıq fəaliyyətinin əsası qoyulub. Müharibədən sonra imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında mövcud əməkdaşlığı yeni bir müttəfiqlik mərhələsinə yüksəltdi ki, bu da düşmənlərimizə göz dağı oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında yenidən qurulması təşəbbüsünü irəli sürməsi yeni müttəfiqlik münasibətlərindən irəli gələn nəticədir. Həmin konsepsiyalar hərbi təlimlər üzərində də davam etdirilir.
Əsas diqqət çəkən məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının təsis edilməsidir. Bu da Prezident İlham Əliyevin 20 illik dövlət başçısı kimi fəaliyyəti dövrünün mühüm strateji addımlarından biridir. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələrinin Türkiyə Ordusunun müvafiq bölmələri ilə keçirdiyi uğurlu hərbi təlimləri nəzərə alsaq, hesab edirəm ki, bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində də ortaq hərbi təlimləri labüd edir. Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı, keçirilən birgə təlimlər TDT nəzdində hərbi inteqrasiyanın daha da güclənməsinə əvəzsiz töhfələr verəcək. Dövlətimizin başçısı iki ölkə arasında müdafiə sahəsində birgə işbirliyi haqqında fikirlərini belə ifadə edib: “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq”.
Azərbaycan Prezidentin ordu quruculuğunu çoxistiqamətli sistem ilə inkişaf etdirib. Belə ki, hazırda Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir.
Azərbaycanın Silahlı Qüvvələri regionda ən böyük ordudur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat idi. Hazırda isə Azərbaycanın hərbi büdcəsi 1 milyard 800 milyon manatdır.
“Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində səmərəli fəaliyyəti, aparılan ardıcıl və paralel işlərin nəticəsi 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədir. 2020-ci ildə Azərbaycan qalib dövlət olaraq tarixə yazıldı. Lakin Qarabağ iqtisadi zonasında separatizm, mina terroru davam edirdi. Odur ki, əldə edilən Zəfər arxayınlıq yaratmadı, əksinə Ordumuzun daha strateji səviyyədə hazırlanması üçün verilən əmr və sərəncamlar günü-gündən artdı. Komanda birlikləri yaradılırdı və bu proses davam edir. Vətən müharibəsindən sonra ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi olaraq bu ilin sentyabrında heç 24 saat tamam olmadan yekunlaşan, daha sürətli və dinamik lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tamamlandı. Bu isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun növbəti tarixi uğuru oldu. Odur ki, əminliklə deyə bilərik ki, 2003-cü il oktyabrın 15-də məhz 200 illik işğal təqviminin Qələbə günləri ilə əvəzlənməsinin bünövrəsi qoyuldu”, - deyə E.Hüseyn fikrini yekunlaşdırıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


